Müasir dərslərdə noutbuk və planşetlərdən istifadə kəskin artsa da, alimlərin son araşdırması kağız-qələmin əvəzsiz olduğunu ortaya çıxarıb. Tədqiqat göstərir ki, mühazirələri əllə qeyd edən tələbələrin informasiyanı mənimsəmə göstəricisi kompüterdə yazanlardan dəfələrlə yüksəkdir.
AzEdu.az xəbər verir ki, idrak psixologiyası üzrə aparılan tədqiqatda tələbələrin mühazirə zamanı informasiyanı necə emal etdiyi müqayisə olunub.
Noutbukla qeyd götürənlər deyilənləri cümləbəcümlə, mexaniki şəkildə yazmağa meyllidirlər və bu zaman beyin informasiyanı tam təhlil etmir. Əllə yazanlar isə çatdıra bilmədikləri üçün eşitdiklərini anında süzgəcdən keçirir, əsas məğzini seçir və öz sözləri ilə qeyd edirlər. Bu proses beynin motor və idrak mərkəzlərini eyni anda fəallaşdırır, nəticədə məlumat birbaşa uzunmüddətli yaddaşa yazılır.
Ekspertlər bildirirlər ki, imtahanlarda yüksək nəticə göstərmək və mürəkkəb mövzuları tez anlamaq üçün ən effektiv yol texnologiyadan imtina etmək deyil, qeydlər zamanı ənənəvi kağız və qələmə üstünlük verməkdir.