I ixtisas qrupu üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində pedaqoji ixtisaslara ayrılan plan yerlərinin müqayisəsi zamanı bir sıra universitetlərdə qəbul planlarının azaldığı, bəzi ixtisaslarda göstəricilərin dəyişmədiyi, ayrı-ayrı istiqamətlərdə isə plan yerlərinin artırıldığı məlum olur.
AzEdu.az iki tədris ili üzrə qəbul planlarını müqayisə edib.
Bakı Dövlət Universitetində fizika müəllimliyi ixtisası üzrə plan yerlərinin sayı 150-dən 120-yə, informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 160-dan 100-ə, riyaziyyat müəllimliyi üzrə isə 140-dan 120-yə endirilib. Tədrisi ingilis dilində həyata keçirilən fizika müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasında plan yerləri 25-dən 20-yə azaldılıb. Riyaziyyat müəllimliyi (Qazax filialı) üzrə isə plan yerlərinin sayı dəyişməyərək 20 olaraq qalıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika müəllimliyi üzrə plan yerləri 90 olaraq dəyişməz qalıb. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə də göstərici 100 olaraq saxlanılıb. Riyaziyyat müəllimliyi və riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasları üzrə 100-dən 90-a, texnologiya müəllimliyi üzrə isə 50-dən 40-a endirilib.
Universitetdə tədrisi ingilis dilində həyata keçirilən fizika müəllimliyi üzrə plan yerləri 25-dən 20-yə azaldılıb. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi və riyaziyyat müəllimliyi üzrə ingilis dilli proqramlarda isə plan yerlərinin sayı dəyişməyərək müvafiq olaraq 30 olaraq qalıb.
ADPU-nun Şamaxı filialında fizika müəllimliyi üzrə plan yerləri 15 olaraq dəyişməyib. Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyində isə plan yerləri 15-dən 20-yə artırılıb.
Şəki filialında informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 20 plan yeri 2026-2027-ci tədris ilində ləğv edilərək 0-a endirilib. Eyni filialda riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə plan yerləri isə 20-dən 30-a yüksəldilib.
Ağcabədi filialında riyaziyyat müəllimliyi üzrə plan yerləri 20-dən 15-ə, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə isə 30-dan 15-ə endirilib. Quba filialında riyaziyyat müəllimliyi üzrə plan yerləri 20 olaraq dəyişməyib, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə də göstərici 25 olaraq saxlanılıb.
Bundan əlavə, 2026-2027-ci tədris ilində ADPU-da yeni riyaziyyat və fizika müəllimliyi ixtisası üzrə 15 plan yeri müəyyənləşdirilib. Bu ixtisas üzrə əvvəlki tədris ilində plan yeri olmayıb.
Qarabağ Universitetində riyaziyyat müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 60 olaraq qalıb. Fizika müəllimliyi üzrə isə 2026-2027-ci tədris ili üçün 30 plan yeri müəyyənləşdirilib. Bu ixtisas üzrə 2025-2026-cı tədris ili göstəricisi təqdim olunan məlumatlarda qeyd edilməyib.
Naxçıvan Dövlət Universitetində fizika müəllimliyi üzrə plan yerlərinin sayı 15 olaraq dəyişməyib. Riyaziyyat müəllimliyi üzrə göstərici 20-dən 15-ə, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 20-dən 15-ə, texnologiya müəllimliyi üzrə isə 20-dən 15-ə endirilib.
Gəncə Dövlət Universitetində pedaqoji ixtisasların əksəriyyəti üzrə plan yerlərində ciddi azalma müşahidə olunub. Fizika müəllimliyi üzrə plan yerləri 45-dən 20-yə, informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 25-dən 0-a, riyaziyyat müəllimliyi üzrə 40-dan 20-yə, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 50-dən 25-ə endirilib. Texnologiya müəllimliyi üzrə isə plan yerlərinin sayı 60-dan 40-a azaldılıb.
Sumqayıt Dövlət Universitetində fizika müəllimliyi üzrə plan yerləri 50-dən 30-a, informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 30-dan 20-yə, riyaziyyat müəllimliyi üzrə 60-dan 40-a, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 60-dan 40-a endirilib. Tədrisi ingilis dilində həyata keçirilən riyaziyyat müəllimliyi üzrə də plan yerləri 30-dan 20-yə azaldılıb.
Mingəçevir Dövlət Universitetində fizika müəllimliyi üzrə plan yerləri 20-dən 15-ə, informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 20-dən 15-ə, riyaziyyat müəllimliyi üzrə 30-dan 15-ə, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 50-dən 20-yə endirilib. Texnologiya müəllimliyi üzrə də plan yerlərinin sayı 20-dən 15-ə azaldılıb.
Lənkəran Dövlət Universitetində fizika müəllimliyi üzrə plan yerləri 30-dan 20-yə, riyaziyyat müəllimliyi üzrə 60-dan 30-a, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 60-dan 30-a, texnologiya müəllimliyi üzrə isə 30-dan 20-yə endirilib.
Xəzər Universitetində fizika müəllimliyi üzrə plan yerlərinin sayı 20-dən 10-a, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə isə 60-dan 40-a azaldılıb.
Müqayisə göstərir ki, təqdim olunan universitetlər arasında ən böyük say azalması Bakı Dövlət Universitetində informatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasında qeydə alınıb. Bu ixtisas üzrə plan yerlərinin sayı 60 yer azalaraq 160-dan 100-ə düşüb.