Azedu.az

ATU-da təhsil haqları niyə azaldıldı? - Universitetdən AÇIQLAMA

Ali təhsil

11 Avqust 2026, 10:55
ATU-da təhsil haqları niyə azaldıldı? - Universitetdən AÇIQLAMA

Azərbaycan Tibb Universitetində (ATU) 2026–2027-ci tədris ili üzrə ödənişli əsaslarla təhsil alan tələbələr üçün təhsil haqları ixtisaslardan asılı olaraq, 2024–2025-ci tədris ili ilə müqayisədə 1000–1500 manatadək azaldılıb.

AzEdu.az xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib.

Bildirilib ki, bu qərar əhalinin sosial rifahının yaxşılaşdırılması, gənclərin ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və təhsilin daha əlçatan edilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm nəticələrindən biridir.

Qeyd edək ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrin təhsil xərcləri dövlət tərəfindən qarşılanır. 2024-cü il tarixli 120 nömrəli müvafiq qərara əsasən, ixtisasdan asılı olaraq dövlət sifarişi ilə təhsil alan hər bir tələbə üçün təhsil xərci 6000–8000 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2026–2027-ci tədris ili üzrə ATU-ya ödənişli əsaslarla qəbul planının minimuma endirilməsi ali təhsilin maliyyə baxımından daha əlçatan edilməsinə yönəlmiş siyasətin mühüm göstəricilərindən biridir.

Azərbaycan səhiyyə sisteminin davamlı inkişafında yüksəkixtisaslı və peşəkar tibbi kadrların hazırlanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, ali tibbi təhsilin əlçatanlığının artırılması yalnız tələbələrin sosial rifahına deyil, eyni zamanda ölkənin səhiyyə sahəsində kadr potensialının gücləndirilməsinə xidmət edən strateji əhəmiyyətli addımdır.

Həyata keçirilən bu tədbirlər tələbəyönümlü yanaşmanın gücləndirilməsi, sosial məsuliyyət prinsiplərinin təşviqi və ölkənin səhiyyə sistemi üçün yüksəkixtisaslı kadr hazırlığının davamlı təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Tibb Universiteti tələbələrin keyfiyyətli ali təhsil alması üçün müasir və əlverişli təhsil mühitinin yaradılmasını, təhsil imkanlarının genişləndirilməsini və təhsilin əlçatanlığının artırılmasını prioritet istiqamətlərdən biri kimi bundan sonra da diqqətdə saxlayacaq.

Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?
Son xəbərlərDaha çox