XƏBƏRLƏR

08.11.2019 10:51
Müəllimdən formativ qiymətləndirmə  jurnalını tələb etmək olar? –Hüquqi qayda

Müəllimlərin qiymətləndirmə qaydalarına edilən dəyişikləri müəyyən qədər mənimsəmələrinə baxmayaraq, hələ də bəzi qaranlıq məqamlar qalmaqdadır.

Hazırda onları ən çox maraqlandıran isə formativ qiymətləndirmə jurnalının  mütləqliyi ilə bağlıdır:

Məktəblərdəki metodbirləşmə rəhbərləri və direktorlar müəllimlərdən formativ qiymətləndirmə jurnalını tələb edirlər. Amma bu jurnalın kiçik dəftərçə xarakteri daşıması, dövlət sənədi hesab edilməməsi müəllimlərdə çaşqınlıq yaradır: Direktor və ya metodbirləşmə rəhbərinin müəllimdən formativ qiymətləndirmə jurnalını tələb etmək hüquqları var?

Qanunvericilik necə təlimatlandırır?

AzEdu.az məlumat verir ki, bu barədə məlumatlar Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə Təlimatda qeyd olunub. Təlimata əsasən, müəllim dərs ilinin yarımillərinin sonunda formativ qiymətləndirmə dəftərindəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır. Həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

Yekun qiymətlər isə summativ qiymətləndirmələrə əsasən hesablanır.

Bundan əlavə, təlimata görə, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki, hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “y.axşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da yazılır.

Qanunvericilik formativ qiymətləndirmə jurnalını rəsmi sənəd hesab etməsə də, müəllimdən onun tələb edilməsinin nə dərəcədə düzgün olduunu direktorun dilindən eşitmək də maraqlıdır.

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli bildirib ki, formativ qiymətləndirmə jurnalı müəllim gündəliyi xarakteri daşıyır:

“Formativ qiymətləndirmə jurnalı sırf müəllimin özünə aiddir. Müəllim onu istədiyi kimi tuta, tərtib edə bilər. O, müəllimə şagirdin dərsə nə dərəcədə davamlı olması, bilik səviyyəsi barədə şəxsi qeydlər etməsi üçün imkan yaradır.

Amma fikrimcə, formativ qiymətləndirmə dəftəri müəllimə əlavə yükdür. Çünki gündəlik , formativ qiymətləndirmə dəftəri, dövlət jurnalı və s.-ni yazmaq xeyli vaxt tələb edir. Bu, həm müəllimin dərsə hazırlığına, həm də tədrisin gedişinə təsir göstərir. Məsələni günə  3-4 şagirdi qiymətləndirməklə həll etmək mümkündür”.

“Rəsmi qərar olmasa da, tövsiyədir”

“Müəllimdən bu jurnalın tələb olunmasının qanuni əsasları varmı?” sualına isə Nemət müəllim belə cavab verib:

“Bu, könüllü deyil.  Dövlət sənədi hesab edilməsə belə, müəllimi formativ qiymətləndirmə dəftəri olmadan dərsə buraxmaq olmaz. Müəllim dərsi bu gün necə keçəcəyini planlaşdırır. Formativ qiymətləndirmə jurnalı da belədir. Müəllimin gündəlik hansı şagirdləri necə qiymətləndirməsi barədə hesabat xarakteri daşıyır.

Bu, vacibdir, amma bir alternativini də yaratmaq olar.

Məsələn, kurslardan birində işləyəndə çox gözəl təcrübənin şahidi oldum. Müəllim şagirdlər barədə rəy yazır, valideyn pulu ödəyəndə rəyi ona oxutdururdu. Yaxşı olardı, bu tip alternativlərdən istifadə edilsin. Müəllim gündəlik məlumatları bir yerə qeyd etsin, valideyn isə ayın sonunda ondan hesabat alsın.

Formativ qiymətləndirmə jurnalı rəsmi qərar olmasa da, tövsiyədir. Bu olmadan müəllimin dərsi necə keçdiyini, şagirdləri necə qiymətləndirdiyini  bilmək mümkün deyil. Onun məqsədi budur : “dərsi necə keçirsənsə, yaz və görünsün”. Bu, xüsusi jurnal deyil, adi dəftərdir”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu