Ali təhsil müəssisələrinə qəbul olsalar da, universiteti normativ müddətdə başa vura bilməyən tələbələrin statistikası açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Təhlilə əsasən, 2016-2019-cu illərdə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin normativ müddətdə məzun olma göstəriciləri onların qəbul ballarına görə müqayisə edilib.
Məlum olub ki, 150-300 bal toplayaraq qəbul olan tələbələrin 21,27 faizi universiteti normativ müddətdə başa vura bilməyib.
Bu göstərici 300-500 bal intervalında qəbul olanlar arasında 12,90 faiz, 500-700 bal toplayanlar arasında isə 13,30 faiz təşkil edib.
Araşdırmada qeyd olunur ki, 500-700 bal toplayıb universiteti vaxtında bitirməyənlərin bir qisminin sonradan təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirməsi ehtimal edilir.