XƏBƏRLƏR

09.10.2019 17:10
“Sağlam ailə sağlam cəmiyyət deməkdir “  

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Ailə dəyərlərimiz və müasirləşmə" layihəsi çərçivəsində seminar keçirilib. 

AzEdu.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, sağlam ailə, sağlam cəmiyyət deməkdir:” Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən, tarix boyu öz simasını itirməyib. Qərb dünyasında ailə institutu deformasiyaya uğradığı bir vaxtda bizdə ailə dəyərlərinin qorunub-saxlanılması Azərbaycan xalqına xas ən ali xüsusiyyətlərdən biridir. Bunun kökündə isə milli-mental dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institutunun dağılmaması üçün xalq kimi, yeri gələndə, mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Bəlkə, elə buna görədir ki, Azərbaycan ailəsi bütün dünyada monolitliyi ilə örnək göstərilir”.

“Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova isə vurğulayıb ki, "Ailə dəyərlərimiz və müasirləşmə" adlı layihənin əsas məqsədi ailə dəyərlərinin təbliği və cavan ailələrə düzgün çatdırılmasıdır. Vətəndaş cəmiyyəti olaraq başlıca vəzifəmiz əsas dəyərlərimizdən biri olan ailə institutunun qorunmasında iştirak etməkdir. Ailəmiz möhkəm olarsa, cəmiyyətimiz və dövlətimiz də o qədər qüdrətli olacaq.

İlin gənc müəllimi-Müraciət formu