Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 14:36:37
Müəllimlərdən  şagirdlərdəki riyaziyyat qorxusunu aparacaq, istedadı üzə çıxaracaq layihələr – Qrant qalibləri  

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrin bir çoxunun icrasına artıq başlanıb.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə, 6 mövzunu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi - əhatə edir. 

 “Kənd məktəblilərinin musiqi festivalı”

“Qalib şagirdlərə həvəsləndirici hədiyyələr veriləcək”

“Kənd məktəblilərinin musiqi festivalı” adlı layihənin rəhbəri Aysel Alızadədir.
Şəmkir rayonu, Düyərli kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi olan A.Alızadə AzEdu.az-a açıqlamasında layihənin məqsəd və faydalılığından danışdı:

“Bu gün kifayət qədər istedadlı uşaqlar olsa da, kəndlərdə musiqi məktəbləri yoxdur.  Layihəmizin əsas məqsədi Şəmkirin kəndlərini bir-bir gəzib, sırf musiqi sahəsində istedadlı uşaqları aşkarlamaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Komissiya təşkil edilərək avqustun 20-dən  layihənin icrasına başlanılıb. Şəmkirin kəndlərini zonalara ayırıb, həmin zonalar üzrə kəndləri bir-bir gəzərək istedadlı gəncləri aşkar edirik.

Seçimdə hər hansı bir musiqi alətində ifa etməyi bacaran, gözəl səs tonu olan şagirdlərə üstünlük verilir. Bəzən heç bir musiqi alətində ifa edə bilməyən, lakin musiqiyə çox həvəsli uşaqları da seçirik. Bəzən də şagird  hər hansı alətdə ifa edir ya da gözəl səsi var amma valideyni icazə vermir. Bu halda həmin valideynlərlə əlaqə saxlayıb, şagirdi layihəyə cəlb edirik.

Layihəmiz ətraf dan da çox xoş qarşılanır. Bəzi müəllimlər, valideynlər övladlarının layihədə iştirakı üçün müraciət edirlər. Məhz buna görə, biz sonuncu seçim turunu Şəmkir Gənclər Mərkəzində təşkil etdik.  Əvvəl iştirak edə bilməyən şagirdlər də  sonuncu turda müraciət edə bilərlər.

Bu günə qədər 45 şagird layihəyə cəlb etmişik. Onlara sentyabrın 17-dən etibarən, həftədə 2 dəfə olmaqla Şəmkir rayonun musiqi məktəbində dərslər keçiriləcək. Uşaqlar dekabrın 2-də təşkil ediləcək festival konsertə hazırlanacaqlar. Bu konsert özü də 2 turdan ibarət olacaq. I turda layihədə seçilən bütün şagirdlər ifa edəcək. II turda isə həmin uşaqların içərisindən hər sahə üzrə bir nəfər seçilərək iştirak edəcək. Qalib şagirdlərə həvəsləndirici hədiyyələr veriləcək”.

"Şagirdlərdə riyaziyyat fobiyasının aradan qaldırılması "

"Şagirdlərdə riyaziyyat fobiyasının aradan qaldırılması " adlı layihənin rəhbəri  Ayşən Əliyevadır.

İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin riyaziyyat, informatika müəllimi olan A.Əliyeva əsas məqsədlərinin şagirdlərə açıq və situasiya tipli testlərdə kömək olduğunu deyir:

“Bu gün şagirdlər IX sinif şəhadətnamə imtahanında əsasən, açıq və situasiya tipli testlərdə çətinlik çəkirlər Layihənin əsas məqsədi  şagirdlərə həmin testlərin həllində kömək etməkdən ibarətdir.

Avqustun 20-dən icrasına başlanılan layihədə 85 şagirdin iştirakı nəzərdə tutulub. Həftədə bir dəfə olmaqla 4 ay davam edəcək. Bu müddət ərzində hər həftə İsmayıllı şəhərinin bir məktəbində dərslər keçiriləcək dərsləri mənimlə yanaşı bir müəllim keçəcək.

Layihənin icrası müddətində istifadə etmək üçün xüsusi dərslik də hazırlayırıq. “Riyaziyyat bizim həyatımızın bir hissəsidir” adlanacaq dərslikdə bizə lazımlı bütün məsələ və düsturlar olacaq.  Əgər uğurlu alınsa, bu dərslikdən layihədən sonra da IX sinif şagirdləri istifadə edə biləcəklər”.