Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 09:40:39
Məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək QAYDALAR LAYİHƏSİ hazırlanıb

Təhsil Nazirliyinin təklifi əsasında "Təhsil haqqında qanun"na psixoloji xidmətin təşkili ilə bağlı yeni maddə əlavə edilib, məktəb psixoloqunun fəaliyyətini tənzimləyəcək qaydalar layihəsi hazırlanıb.

AzEdu.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

Deputatın sözlərinə görə, bu qaydalar layihəsi təsdiq edildikdən sonra məktəb psixoloqlarının lazımi adekvat, vahid alətlərlə təmin edilməsi istiqamətində işlər görülməli, mövcud xarici testlərin standartlaşdırılması məsələsi həll edilməlidir.

B.Əliyevin fikrincə, islahatların uğurla həyata keçirilməsi həm də psixoloji xidmətin təşkilindən asılıdır: "Təəssüf ki, bu gün orta məktəblərdə mövcud olan psixoloji xidmətə münasibət ürəkaçan deyil və bu iş formal xarakter daşıyır. Məktəblərin hazırlıqlı psixoloqlarla təmin edilməsi üçün yetərincə mütəxəssis yoxdur. Təhsil mühitinin yaradıcı təlim mühitinə çevrilməsi, yaradıcı təfəkkürə malik müstəqil şəxsiyyətin yetişdirilməsini təmin edən yaradıcı müəllimlərin və fəal-interaktiv təlim metodlarının hazırlanması baxımından da psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması zəruridir".