Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-09 13:52:00
Bu liseylərin məzunları qəbul imtahanında yüksək nəticə göstəriblər

Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur. Fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır. Belə rayonlara misal olaraq Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Ordubad və İsmayıllı rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar.

AzEdu.az xəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik təhlilində yer alıb.

Hesabatda bildirilir ki, Azərbaycan bölməsində ana dili, riyaziyyat və coğrafiya fənləri üzrə Ordubad rayonunun, ədəbiyyat fənni üzrə Salyan rayonunun, fizika və kimya fənləri üzrə Qax rayonunun, tarix fənni üzrə Biləsuvar rayonunun, biologiya və ingilis dili fənləri üzrə Sumqayıt şəhərinin abituriyentləri üstünlük əldə ediblər. Müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri ənənə halını alıb. Məsələn, Azərbaycan bölməsi üzrə ana dili fənnindən Qax və Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və Qax rayonu, kimyadan Şəki, Qax və Neftçala rayonları, fizikadan Qax və Şəki rayonları, biologiyadan Şəki rayonu, tarixdən Sumqayıt şəhəri, coğrafiyadan Qəbələ rayonu bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır. Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir. Onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır. Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar.