Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-28 09:00:00
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçiminə start verildi

AzEdu.az xəbər verir ki, əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər avqustun 29-dək vakansiya seçiminə qatıla bilərlər. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 29 avqust saat 23:59-dək davam edəcək.

Daha sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları