Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 13:44:00
Texniki Universitetin oxumaqdan və diplom almaqdan yorulmayan yeni rektoru -DOSYE

 

Ötən gün Prezident İlham Əliyev  Vilayət Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzEdu.az-ın məlumatına görə, Vilayət Vəliyev iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimidir. O, 1960-cı il martın 28-də anadan olub.

Vilayət Vəliyevin təhsil yolu…

Vilayət Vəliyev 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib. O, 1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. 1985-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsilini davam etdirib.

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, "Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alan Vilayət Vəliyev 1992-1994-cü illərdə ABŞ-da “Unocal” və “Pennzoil” şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb. 1994-cü ildə ABŞ-ın Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə vitse-prezidenti seçilib.

1995-1999-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alan Vilayət Vəliyev 1999-cu ildə ABŞ-ın Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) "Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb.

Texniki və humanitar ixtisaslı ali təhsil diplomuna sahib olan rektor…

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, "İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi alıb. Vilayət Vəliyev 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb.

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi çalışaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlib.

2003-2011-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) "Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyən Vilayət Vəliyev 2013-cü ildə "Ekonometriya, iqtisadi statistika” ixtisası üzrə professor elmi adını alıb.

Vəliyev 2009-cu ildən İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) regional inkişaf məsələləri üzrə vitse-prezidenti, 2018-ci ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının sədridir. O, 2014-cü ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışıb.  

Azərbaycan Texniki Universitetinin rektoru təyin edilən Vilayət Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Vilayət Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin 1 monoqrafiya və 1 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

Günel Yaşarqızı
Müəllifin digər yazıları