Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-10 13:28:00
Bölgələrdəki peşə təhsili müəssisələrinin fəaliyyət və uğurları müzakirə edilib  

İyulun 10-da Hilton Hotel-də “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində görülən işlərə və əldə olunan nailiyyətlərə həsr olunan konfrans keçirilib. 

AzEdu.az xəbər verir ki, konfrans Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə direktoru Sonia Fontaine və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlilinin açılış nitqləri ilə başlayıb.

Açılış hissəsi ED VET layihəsinin layihə rəhbəri xanım Yuliya Bajenovanın ED VET layihəsi haqda qısa qeydləri ilə başa çatıb.

Konfransın növbəti hissəsində ED VET layihəsinin ekspertləri Səbinə Ədilova və Məhəmməd Məmişzadə görülən işlər, pilot peşə təhsili müəssisələri üçün hazırlanan Strateji İnkişaf Planları, layihə müddətində özəl sektorla duala bənzər PTT üzrə qurulan əməkdaşlıq əlaqələri, tələblər üçün təşkil olunan istehsalat təlimi və təcrübəsi, uzun və qısa müddətli təlimlər, pilot peşə təhsili müəssisələrinin rəhbər və mühəndis-pedaqoji heyəti, eləcə də müəssisə daxili təlimçilər üçün təşkil olunan təlimlər və digər fəaliyyətlər, çərçivəsində əldə olunan təcrübə və öyrənilən dərslər barədə iştirakçıları məlumatlandırıb.

Konfransın sonuncu hissəsində pilot peşə təhsili müəssisələrinin və əməkdaşlıq edilən müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. Panel müzakirəsində maraqlı tərəflərin layihənin icrasına davamlı dəstəklərinin təmin edilməsini imkanları, eləcə də layihənin təqdim etdiyi yanaşmanın və təcrübənin gələcəkdə digər peşə təhsili müəssislərində tətbiq etmək imkanları müzakirə olunub.

Qeyd edək ki, ED VET layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə təhsili müəssisində Almaniyanın duala bənzər peşə təhsili və təlimi (PTT) yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

Rəna Nəbi