XƏBƏRLƏR

08.07.2019 09:00
MİQ üzrə müsabiqənin test imtahan mərhələsi başladı – İlk gün üçün 3000-ə yaxın namizəd

Bu gündən etibarən,  Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

AzEdu.az TİPİİ-nin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ilk günündə alman dili və tarix müəllimi olmaq istəyən 2792 namizədin iştirakı gözlənilir.

İmtahanlar Azərbaycan və rus bölmələri üzrə keçiriləcək. Test imtahanlarına gələn namizədlərdən yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

Qeyd edək ki, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edəcək.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

İlin gənc müəllimi-Müraciət formu