XƏBƏRLƏR

15.02.2019 16:42
Cəmi 2-3 saata bir robot hazırlayan V sinif şagirdi – Xüsusi məkandan reportaj

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir.

Təhsil Nazirliyi tərəfindən son iki ildə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub.

Elm və texnologiyalara olan marağın artırılmaq və təhsil robotlarından istifadə edərkən yaradıcı, orijinal düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə şagirdlər üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradılır. 

Cari ildə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Leho League (FLL) Azerbaijan”  mühəndislik və robototexnika yarışına start verilib. Yarışda  iştirak etmək üçün ölkə üzrə 31 məktəb komandası qeydiyyatdan keçib. 

Mediaturda olduğumuz Bakı 162 nömrəli tam orta məktəb də FLL yarışları üçün qeydiyyatdan keçib. Burada  müxtəlif yaş qruplarından şagirdlərin hazırladıqları robotlarla tanış olduq.

Ən çox diqqətimizi çəkən 5-ci sinif şagirdi Amil və onun hazırladığı robot idi. 

162 saylı orta məktəbin 5-ci sinif şagirdi Amil Məmmədli  yaşı az olsa da bir robotu 2-3 saat ərzində tam hazırlaya bilir: 

“Beşinci sinifdə oxuyuram. Robotları lap balacalıqdan çox sevirəm. İki-üç saat ərzində,  tək başıma proqramla robot yığmışam. Bu robotu yığanda nə müəllimdən, nə də uşaqlardan kömək almamışam. Hələlik yarışlarda iştirak etməmişəm amma yazda komandamızla yarışa gedəcəyik”. 

Amildən sonra onu istiqamətləndirən, robot hazırlığında kömək edən müəlliməsi Rəna Mirzəyeva ilə də həm Amil haqda, həm də ümumi komandanın fəaliyyəti ilə bağlı danışdıq. İbtidai sinif müəlliməsi olmasına baxmayaraq o, kompüterə və texnikayla çox maraqlandığını və uşaqlara könüllü rəhbərlik etdiyini deyir

 “162 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyirəm.  İxtisasımdan əlavə, kompüterə, texnikaya həddən artıq marağım var.  Texnikayla  bağlı nələrsə  hazırlamağı sevdiyim üçün  şagirdlərə istiqamət vermək işini könüllü olaraq həyata keçirirəm. 

6 şagirddən  ibarət komandamızla “First Lego League” FLL yarışlarına hazırlaşırıq. Komandamızda 6 nəfər olsa da, hazırlıqlarda digər könüllü şagirdlər də iştirak edir və biz birlikdə robotları yığırıq. Mən günorta, uşaqlar da səhər növbə  dərsdə olduqları üçün hazırlıqlarımızı həftə içi onların dərslərinə uyğunlaşdıraraq səhərlər, bir də hər şənbə gün edirik. Onu da qeyd edim ki, bu layihədə təkcə robotlar yox, eyni zamanda,  şagirdlərin bacarıqları, ümumi dünya görüşləri də nəzərə alınır. 

FLL yarışlarına qoşulan uşaqlardan biri də V sinif şagirdi Amil Məmmədlidir. Onun robot texnikasına  çox marağı var. Mən ondakı həvəsi gördüm və ona dərslərdə iştirak eləməyə çağırdım.  Hazırda Amilə yalnız istiqamət vermək kifayətdir ki, bir robotu iki üç saat ərzində sərbəst yığsın və hərəkətə gətirsin”. 

162 saylı orta məktəbin 10 b sinif şagirdi Aytac Ələkbərova əvvəldən robotlarla maraqlandığını və gələcəkdə mühəndis olmaq istədiyini deyir: 

“Birinci qrupa hazırlaşıram, gələcəkdə mühəndis olmaq istəyirəm. Robotlara  marağım çox əvvəldən vardı. Bu il  ölkəmizdə FLL layihəsi təşkil olundu və mənim də burda iştirak etmək imkanım yarandı. Bu, bizim üçün, komanda iştirakçıları üçün böyük sevinc idi. FLL bizə bir çox töhfələr verərək gələcək həyatımızda mühəndis kimi formalaşmağımıza  təsir göstərəcək. Rəhbərimizin, həmçinin, qrup uşaqlarının köməyi ilə komanda işi yaratdıq və bizə verilən missiyaların öhdəsindən gəldik. 

Robotumuzu iki nəfər hazırlamışıq.  FLL yarışında müxtəlif məktəblərdən komandaların hazırladığı robotlar fərqli missiyaları həyata keçirmək üzrə yarışacaqlar. Bizim məktəb komandası 6 nəfərdən ibarətdir. Komanda heyətindən əlavə, məktəbdə könüllü şagirdlər var ki, onlar da gəlib bizə kömək edirlər.

FLL-dən başqa Riyaziyyat, Fizikadan fənn olimpiadalarında iştirak edib, müxtəlif yerləri tutmuşam”. 

162  saylı tam orta məktəbin 10 b sinif şagirdi Zamin Quliyev əvvəllər bu işlə məşğul olmasa da hazırladıqları robotun keyfiyyətinə  inanır və birinciliyə iddialıdır:

“Bu işlə əvvəllər məşğul olmamışam. Robot hazırlamağa ilk dəfə keçən ildən başlamışam. FLL layihəsini əvvəl “TV”-də görsəm də birinci dəfədir, iştirak edirəm. FLL-dən başqa keçən il “Sabahın Alimləri” yarışında iştirak etmişəm. Yer tutmasam da  böyük təcrübə əldə etmişdim. Biologiyadan “Yemişandan eksdrat əldə edilməsi ilə bağlı” layihəm var idi. Təəssüf ki, qalib olmadım. 

Hazırladığımız robotun  funksiyası kraterlərin üzərindən keçərək həminki vəziyyətə qayıtmaqdır. Biz onu “Lego Mindstorms” proqramı ilə yığmışıq. Qalib olmaq istəyirik. Buna da iddialıyıq”. 

162 nömrəli məktəbin 9 r sinif şagirdi Fərid Tahirli əvvəllər çətinlik çəksələr də komanda yoldaşları ilə öz üzərlərində işləyərək yaxşı bir robot ərsəyə gətiriblər: 

“Bir mərhələdə bizə robotlarla işləmək çox çətin idi. Artıq bir-birimizə kömək edərək, funksiyalarla işləyə-işləyə, belə yaxşı bir robot ərsəyə gətirdik. Bəzən çətinliklər olur, bununla bağlı müxtəlif mənbələrdən məlumat tapırıq və tapdığımız məlumatı bir-bizimizlə bölüşürük. Yaratdığımız robot funksional robotdur. Bizim hazırladığımız Robot  bir çox hərəkəti bacara bilir. Əşyaları qaldırıb, sonra həminki vəziyyətinə qaytara bilir”.

Rəna Nəbi

İlin gənc müəllimi-Müraciət formu