XƏBƏRLƏR

15.01.2019 15:08
“Marsda insanlıq üçün  lazımi şəraiti  tapmağa çalışardım” – Magistrlə “Atüstü söhbət”-MÜSAHİBƏ  

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir. 

Rubrikanın budəfəki qonağı Xəzər Universitetinin magistr tələbəsi Murad Əsgərovdur.  O, bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə alıb. 

Murad, eyni zamanda, SOCAR-da (Azərbaycan Dövlət Neft Şirkəti) çalışır. 

AzEdu.az Murad Əsgərovla “Atüstü söhbət”i təqdim edir: 

“ADNSU-da dərs deyən müəllimlər bir qədər yaşlıdırlar” 

-Murad, nəyi ən böyük uğurun hesab edirsən? 

-Xəzər Universitetinə ödənişsiz əsaslarla qəbul olunmuşam. Qrupda 10 nəfər olsa da, yeganə ödənişsiz təhsil alan tələbə mənəm. Digər tələbələrillik 3000-3500 Azn arası pul ödəyirlər. Buraya daxil olmağı qarşıma hədəf qoymuşdum. İstəyimə nail oldum və hazırda öz ixtisasım üzrə magistr təhsilimi davam etdirirəm. Bu, indiyə qədər nail olduğum uğurlardan biridir.

-Ən son oxuduğun bədii əsər hansıdır?

-Bədii kitab oxumuram. Vaxt olduqca özümü ixtisasım istiqamətində inkişaf etdirirəm. İngilis dilini öyrənirəm. Bədii əsəri o zaman oxuyaram ki, bilərəm ki, magistr təhsilim bitib və qarşımda işimdən başqa heç bir öhdəlik yoxdur. İndiki halda bu barədə düşünmürəm. Hazırda ixtisasım üzrə özümü inkişaf etdirib daha böyük şirkətlərdə işləməyi hədəfləyirəm. Bədii əsəri isə hər zaman oxumaq olar.

“Gördüyüm hər işlə qürur duyuram”

-Həyatındanəylə qürur duyursan?

-Həyatda hansısa işimdən sonra qürursuzluq yaşadığımı xatırlamıram. İndiyə kimi atdığım hər addımda bəyənilmişəm. Gördüyüm hər işlə qürur duyuram.

-Motivasiyana aşağı təsir göstərən amillər hansılardır?

-Kolleqamın,iş yoldaşlarımın pis olması,kiminsə müəyyən səbəblərdən inkişafıma və qabağa getməyimə mane olması motivasiyamatəsir edəcək amillərdir. Ancaq buna görə heçnədən geri çəkilmirəm. Heç kimdən qorxmuram.

-Marsa göndərilən ilk insan olsaydın...(cümləni tamamla)

-Marsa göndərilən ilk insan olsaydım, insanın yaşaması üçün şəraiti orada tapmağa səy göstərərdim. Həyatda qalmağa çalışar, mübarizə aparardım.

-Murad, bakalavr və magistr təhsili aldığın hər iki universiteti müqayisə et...

-Xəzər Universiteti elə ali məktəbdir ki, burada özümü tam olaraq sərbəst hiss etdim və heçnədən sıxılmadım. Müəllimlərin səni öyrətməyə olan həvəsi, potensialları, xüsusilə də gənc olmaları öyrənmək üçün stimuldur. Azərbaycan Neft və Sənaye Universitetində müəllimlər bir qədər yaşlı idi. Ona görə şəxsi inkişafımda Xəzər Universiteti əvəzsiz rol oynadı. Əvvəl ixtisasımla bağlı ingiliscə  kitab oxuyanda başa düşmürdüm, hazırda isə çox yaxşı anlayıram. Bakalavr təhsili alanda kitabı ingiliscə oxumaq üçün özümə müəllimlər tapmalı olduğumu düşünsəm də, Xəzərə daxil olandan sonra belə imtiyazlar pulsuz idi.

İrad: “Bizim qızlara türk serialları çox pis təsir edir”

-Səncə, dünyada ədalət var?

-Məncə, dünyada ədalət yoxdur. Bu sual barədə çox danışmaq istəmirəm. Verəcəyim tək cavab ədalətin olmamasıdır.

-Hansı film və ya serial həyatının dəyişməsinətəsir edib?

-Film mənimçün əyləncə xarakteri daşıyan vasitədir. Film bitdikdən sonra hər şey orda qalır.Filmdən nəsə götürüb bunu həyatıma tətbiq etdiyim olmur. Türk istehsalı romantik seriallar bizim qızlara çox pis təsir edir. Baxırlar ki, kino belədirsə, deməli həyat da belədir. Filmdə gördükləriniöz həyatlarına tətbiq edirlər və bunun peşmançılığını yaşayırlar.

“Yaşlı müəllimlərin əksəriyyəti, yalnız istifadəyə yararsız texnologiyalardan xəbərdardırlar”

-Azərbaycan təhsilinin inkişafı üçün bir gənc kimi nələri tövsiyə edərdin?

-Perspektivli, təcrübəsi olan müəllimlərin universitetlərə dəvət olunması,yaşlı kadrların gənclərlə əvəz olunması müsbət addım hesab oluna bilər. Məncə, yaşlı müəllimlərin yeni texnologiyadan o qədər də xəbərləri yoxdur.Hazırda istifadəyə yararsız texnologiyaları yaxşı bilirlər. Onları öyrənməyimizində bizimçün heç bir üstünlüyü yoxdur.

Təklif: “Neft-qaz mühəndisliyi ixtisası Memarlıq və İnşaat Universitetində, Maliyyə, mühasibat ixtisasları Sumqayıt Dövlət Universitetində tədris olunmasın”

-Murad, səncə Azərbaycanda hansı vacib ixtisasların yaradılmasına ehtiyac var?

-Azərbaycanda təhsilin inkişafı üçün hər ixtisas özünə uyğun universitetlərdə tədris olunmalıdır. İstəməzdim ki, maliyyə, mühasibat, iqtisadiyyat, menecment  tipli ixtisaslar İqtisad Universitetindən başqa, digər ali məktəblərdə olsun. Müəyyən sayda kadr bu ixtisasları bitirsin və işlə təmin olunsunlar. Məsələn, Neft-qaz mühəndisliyi ixtisası Memarlıq və İnşaat Universitetində, Maliyyə, mühasibat ixtisasları Sumqayıt Dövlət Universitetində tədris olunmasın. Hər universitet vahid sahəni inkişaf etdirmək üçün fəaliyyət göstərsin. Təhsilin inkişafı bu istiqamətdə mümkün ola bilər. İxtisaslara gəlincə, zənnimcə, bütün ixtisaslar vacibdir.

“Çox qadını sevən kişi qadınları yaxşı tanımağı öyrənir, bir qadını sevən kişi sevgini öyrənir”

-Murad, yazıçı ÇarlzBukovski hesab edir ki, bütün kişilər gördüyü hər qadına "gözəlsən" deməyi sevir. Sadəlövh qadınlar buna inanır, ağıllı qadınlar isə gülür və keçir. Səncə də belədir?

-Bukovskinin fikirlərinə hörmət edirəm, amma indiki qadınlar olduqca müasir, baxımlıdırlar. Baxımlı qadın onsuz da gözəldir. Gözəl olmayan baxımsız qadındır. Ümumilikdə isə gözəllik ikinci faktordur.

-Bəzi insanlar tərəfindən qəbul edilməyən və qınanılan Ziqmund Freydin səsləndirdiyi hansı fikirlərdə həqiqət payı var?

-Freydin dahiyanə və ağır fikirləri var. Diqqətimi çəkən əsas fikir budur:  “Çox qadını sevən kişi qadınları yaxşı tanımağı öyrənir, bir qadını sevən kişi sevgini öyrənir” Bu doğurdan da belədir. Mükəmməl ifadədir. Əgər həyatındakı ilk insanı sevdinsə, sən sevgini öyrənirsən. Ölənə kimi də səninlə olur. Yox, bir çox qadınla eyni münasibəti yaşadınsa, bu, adi bir şeyə çevrilir. Çünki eyni münasibəti o qədər qadınla yaşamısan ki, bu səninçün sıradan bir hissdir. Digər maraqlı və həqiqəti əks etdirən fikir kimi“insan müəyyən bədbəxtliyi yaşamalıdır ki, xoşbəxt olduğu günlərin qədrini bilsin”ifadəsidir.

Haşiyə: Ziqmund Freyd Psixoanaliz elminin banisi, eyni zamanda nevroloq olub.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu