Ötən gün Gəncə şəhərində 11-ci sinif şagirdi Ə.İ-nin bıçaqlanma ilə bağlı xəbər vermişdik. İddia olunurdu ki, hadisə şəhərdə yerləşən çayxanalardan birində 2009-cu il təvəllüdlü E.Ə tərəfindən törədilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, hadisədə iştirak edən tərəflərdən heç biri məktəbli deyil.
“Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bildiririk ki, tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - rəsmi məlumatda vurğulanıb.
Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü Ə.İ-yə kəsici-deşici alətlı xəsarət yetirməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü E.Ə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.