"Dərs zamanı şagirdlərin mobil telefondan istifadəsi ilə bağlı Azərbaycanın qanunvericiliyinə və təhsil qaydalarına nəzər saldıqda, orta məktəblərdə mobil telefon istifadəsi ilə bağlı konkret tənzimləmə mexanizmlərinin yetərincə dəqiq olmadığı görünür".
Bu sözləri AzEdu.az-a Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov söyləyib.
Ekspertin fikrincə bəzi valideynlər övladlarının dərs zamanı mobil telefondan istifadəsini dəstəkləyir:
"“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən, məktəbdə daxili nizam-intizam qaydaları təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəyyən edilir. Bu o deməkdir ki, hər məktəb mobil telefon istifadəsi ilə bağlı öz qaydalarını müəyyən edə bilər. Bəzi məktəblərdə mobil telefonların yalnız dərs zamanı istifadəsinə qadağa qoyulub, digərlərində isə tamamilə qadağan edilib".
"Müəllimlərin dərs zamanı şagirdlərin telefondan istifadə etməsinə qarşı mübarizəsi təhsil və intizam baxımından tamamilə haqlıdır",- ekspert qeyd edib:
“Mobil telefonun dərs prosesinə mane olması təkcə şagirdin özünə deyil, bütün sinfə mənfi təsir edir. Beynəlxalq araşdırmalar göstərir ki, dərs zamanı mobil telefondan istifadə şagirdlərin diqqətini 30-40% azaldır. ABŞ və Avropanın bir çox ölkələrində məktəblərdə mobil telefonların istifadəsi ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunur. Məsələn, Fransa 2018-ci ildən etibarən bütün orta məktəblərdə mobil telefonların dərs zamanı istifadəsini tamamilə qadağan edib. Böyük Britaniya, Almaniya və Yaponiyada da oxşar qaydalar mövcuddur. Bu ölkələrdə mobil telefonların istifadəsi yalnız xüsusi icazə olduqda və dərs üçün vacib olduğu hallarda mümkündür.
Azərbaycanda isə bu məsələ birmənalı qarşılanmır. Bir tərəfdən müəllimlər sinifdə nizam-intizam yaratmaq üçün telefonların istifadəsinə məhdudiyyət qoymağa çalışır, digər tərəfdən bəzi valideynlər bunu övladlarının hüquqlarının pozulması kimi dəyərləndirir. Burada əsas problem valideynlərin məktəbdə qaydaların tətbiqinə müdaxilə etməsi və müəllimlərin avtoritetinin zəiflədilməsidir. Təəssüf ki, bəzi valideynlər övladlarının dərs zamanı mobil telefondan istifadəsini dəstəkləyir, bu isə onların tərbiyə və təhsil prosesinə təsirini anlamadıqlarını göstərir”.
“Valideynlərin bu məsələyə qarşı çıxmasının əsas səbəblərindən biri övladlarının telefonlarının əllərindən alınmasının qanuni olub-olmaması ilə bağlıdır”,- deyə ekspert bildirib:
“Burada hüquqi və etik baxımdan balans tapılmalıdır. Müəllimlərin şagirdlərin telefonlarını götürməsi bəzi valideynlər tərəfindən şəxsi mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, şəxsi əmlak toxunulmazdır. Bu isə o deməkdir ki, müəllimlər şagirdin şəxsi əşyasını əbədi olaraq götürə bilməz. Lakin məktəbin daxili qaydalarında mobil telefonların istifadəsinə dair qadağa varsa, müəllimlər dərs zamanı qayda pozuntusuna qarşı tədbir görmək hüququna malikdir.
Bu problemi həll etmək üçün bir neçə fundamental dəyişiklik edilməlidir. Birincisi, məktəblərdə mobil telefon istifadəsi ilə bağlı konkret qaydalar müəyyənləşdirilməli və bütün valideynlər bu qaydalar haqqında məlumatlandırılmalıdır. Məktəbin daxili nizam-intizam qaydalarında mobil telefon istifadəsinin hansı hallarda məhdudlaşdırıldığı və bunun nəticələrinin nədən ibarət olduğu açıq şəkildə yazılmalıdır. İkincisi, şagirdlər dərs zamanı telefonlarından istifadə etdikdə, müəllimlər bu cihazları götürmədən əvvəl onlara xəbərdarlıq etməli və yalnız davamlı qayda pozuntusu olduqda bu addımı atmalıdırlar. Üçüncüsü, valideynlər məktəblə əməkdaşlıq etməli və övladlarına məktəbin qaydalarına riayət etməyin vacibliyini izah etməlidirlər.
Bu məsələnin həlli üçün beynəlxalq təcrübədən də faydalanmaq mümkündür. Məsələn, Finlandiyada məktəblərdə mobil telefonların istifadəsi ilə bağlı qaydalar çox aydın şəkildə tənzimlənir. Burada şagirdlər məktəbə telefon gətirə bilər, lakin dərs zamanı bu cihazlar müəllimin göstərişi olmadan istifadə edilə bilməz. Əgər şagird qaydaları pozarsa, telefon dərsin sonuna qədər müəllimdə qala bilər, lakin dərs bitdikdən sonra şagirdə qaytarılır. Almaniyada isə bəzi məktəblərdə şagirdlər məktəbə gələrkən telefonlarını xüsusi şkaflara qoyurlar və yalnız dərs bitdikdən sonra onları götürə bilirlər.
Azərbaycanda da məktəblərdə bu cür yanaşmalar tətbiq edilməlidir. Müəllimlərə mobil telefon istifadəsinə nəzarət etmək üçün konkret hüquqi mexanizmlər verilməli, valideynlər isə məktəbin qaydalarına hörmət etməlidir. Valideynlər bilməlidir ki, məktəb yalnız təhsil müəssisəsi deyil, eyni zamanda tərbiyə ocağıdır və müəllimlərin tətbiq etdiyi qaydalara hörmət olunmalıdır. Əks halda, məktəbdə müəllimlərin nüfuzu azalacaq və şagirdlər dərs zamanı mobil telefondan istifadə etməyə davam edəcək, bu da onların akademik göstəricilərinə və ümumi davranışına mənfi təsir göstərəcək”.
Müsahibimizin fikrincə nəticə olaraq, dərs zamanı şagirdlərin mobil telefondan istifadə etməsi ciddi problem olaraq qalır və bu məsələnin həlli üçün həm hüquqi, həm də tərbiyəvi addımlar atılmalıdır:
“Məktəblərdə konkret qaydalar müəyyənləşdirilməli, valideynlər və müəllimlər arasında bu mövzuda qarşılıqlı anlaşma yaradılmalı və şagirdlərə dərs zamanı texnologiyadan düzgün istifadə etmə vərdişi aşılanmalıdır. Əks halda, təhsil prosesində intizam pozuntuları artacaq və müəllimlərin idarəetmə imkanları daha da məhdudlaşacaq”.