11-ci sinif şagirdləri üçün 2 və 9 mart tarixlərində keçirilən buraxılış imtahanları abituriyentlər və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. İlk dəfə - 2 martda keçirilən imtahanda iştirak edən abituriyentlərin əksəriyyəti sualların asan və rahat olduğunu bildiriblər. Lakin 9 mart tarixində keçirilən imtahanda iştirak edən abituriyentlər arasında bu cür düşünənlərin sayı azlıq təşkil edir.
Bəs hər iki imtahanın çətinlik səviyyəsi nə dərəcədə olub? İmtahanın çətin və ya asan olması şagirdlərin nəticələrinə necə təsir edə bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib ki, 2 və 9 mart tarixlərində keçirilən buraxılış imtahanları ilə bağlı abituriyentlər və ictimaiyyət sosial platformalarda müxtəlif fikirlər formalaşdırmağa çalışırlar:
Ekspertin sözlərinə görə, hər kəs bu barədə öz subyektiv fikirlərini səsləndirir. Lakin məsələyə daha geniş aspektdən yanaşmaq lazımdır:
"Martın 2-də və yaxud 9-da keçirilən imtahanın çətinlik səviyyəsi nə yerdədir? Mən ümumiyyətlə, abituriyentlərlə yanaşı müəllimlərin də fikrini nəzərə alıram. Müəllimlərin fikirlərinə üstünlük verdiyim üçün onların sözlərinə əsasən deyə bilərəm ki, riyaziyyat fənni martın 9-da daha çətin olub. Lakin ingilis dili həmin gün daha asan keçib. Martın 2-si ilə müqayisədə martın 9-da sualların bir qədər daha çətin olduğu ifadə edilir. Bunun əsas səbəbi suallar arasında 3-4 çətin tapşırığın yer almasıdır. Əgər bir imtahanda 3-4 çətin sual varsa, bu, avtomatik olaraq imtahanın daha ağır olması təəssüratını yaradır".
Mütəxəssis əlavə edib ki, bəzi müəllimlər riyaziyyat fənnindən olan sualların ümumilikdə çox çətin olmadığını bildiriblər:
"Sadəcə olaraq, suallar arasında 1-2 çətin formatlı sual yer aldığı üçün abituriyentlər imtahanın bütövlükdə çətin olduğu qənaətinə gəliblər. Lakin müəllimlər ümumi baxışda riyaziyyat suallarının çox da ağır olmadığını qeyd edirlər.
Əgər müqayisə etsək, martın 9-da keçirilən imtahanın daha çətin olduğu görünür. Bununla belə, bəzi ingilis dili müəllimləri 9 martda keçirilən imtahanın daha asan olduğunu bildirirlər”.
Ekspert buraxılış imtahanlarının bir tarixdə keçirilməsinin daha məqsədəuyğun olduğunu da vurğulayıb:
"Əvvəlki illərdə buraxılış imtahanları üç fərqli tarixdə keçirilirdi. Lakin son iki ildə imtahanlar iki müxtəlif tarixdə təşkil edilir. Hesab edirəm ki, buraxılış imtahanlarının yalnız bir tarixdə keçirilməsi daha məqsədəuyğundur. Dövlət İmtahan Mərkəzinin bunu təşkil etməyə kifayət qədər gücü və imkanları var. Əgər imtahan müxtəlif tarixlərdə keçirilirsə, istər-istəməz biri daha asan, digəri isə daha çətin olur. Bu, artıq yazılmamış qanundur.
Onun sözlərinə görə, ümumilikdə götürdükdə hər iki imtahan bir-birinə çox yaxın olub. Sadəcə olaraq, 9 mart tarixində keçirilən imtahanda riyaziyyat sualları bir qədər daha çətin olub. Əgər imtahan qruplar üzrə bölünüb və fərqli tarixlərdə keçirilsə, bu zaman heç bir problem yaranmaz. Çünki hər qrup öz daxilində rəqabət aparar. Məsələn, II qrup üzrə imtahan verən abituriyentlər yalnız öz qrupları ilə mübarizə aparmalıdır. Belə olduqda, “imtahan çətin idi, yoxsa asan?” kimi suallar yaranmaz”, - deyə Ramin Nurəliyev qeyd edib.