Dövlət İmtahan Mərkəzi tərəfindən verilən məlumata əsasən, 2025-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən yeni imtahan modeli tətbiq ediləcək.
Yeni imtahan modelinə dair ingilis dili fənnindən tapşırıq nümunələri, dinləmə mətni və şəkil üzrə tapşırığın (26 saylı) qiymətləndirmə meyarlarında əks olunacaq.
Bəs, görəsən, tətbiq edilən yenilik şagirdlərin nəticələrinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyevin sözlərinə görə, xarici dil fənnində olan yenilik şagirdlərin nəticələrinə təsir edəcək:
“Burada şagirdlərə şəkillər təqdim olunur və şagirdlərdə həmin şəkillər üzrə öz bilik və bacarıqlarını tələb olunan sahəyə daxil etməlidirlər. Məsələn, şəkil əsasında təsvir formalaşır və o təsvir əsasında da şagirdlər cümlələr qurub yazırlar. Daha sonra isə onların ümumi qiymətləndirilməsi aparılır. Sözsüz ki, bu dəyişikliklər baş verirsə, mütləq bu şagirdlərin nəticələrinə də təsir edəcək. Düşünürəm ki, bəzi 9-cu sinif şagirdlərin buraxılış imtahanındakı göstəriciləri elə də uğurlu olmayacaq. Ona görə də builki nəticələr ötən illərlə müqayisədə daha aşağı ola bilər”.
Həmsöhbətimiz bildirib ki, şagirdlərin yeni formata uyğunlaşması üçün kifayət qədər vaxt var:
“Amma ümumilikdə bu dəyişiklik şagirdlərə nə verir? Xarici dil fənnində olan yeniliklər həm ingilis, həm də digər xarici dillərdə müəyyən söz bazasının formalaşmasına, onların daha rahat cümlələr qurmasına gətirib çıxaracaq”.