Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-03 16:15:00
Valideynin ağır ittihamla suçladığı  məktəbin direktoru– “Ana bütün  günahı boynumuza  yıxmaq istəyir, amma...”  

Övladı 275 saylı məktəbin I sinfində təhsil alan Pərvin Cəbrayılova mediaya qızının psixi durumu ilə bağlı narahatlıq keçirdiyini, bunda əsas günahkar kimi isə orta təhsil müəssisəsini gördüyünü bildirib.

Valideyn təhsil naziri Ceyhun Bayramova, nazir müavini Məhəbbət Vəliyevaya müraciət edərək, müəllim və laborantın müxtəlif hərəkətlərlə azyaşlının psixoloji sarsıntı keçirməsinə şərait yaratdığını iddia edib. Müəllimin, belə hərəkətlərə şərait yaradan məktəb rəhbərliyinin isə cəzalandırılmasını tələb edib.

“Sadəcə qayğıya ehtiyacı olan uşaqdır”

AzEdu.az problemi aydınlaşdırmaq məqsədilə 275 nömrəli məktəbin rəhbərliyi ilə əlaqə saxlayıb. Direktor Fəridə Şərifova bildirib ki, uşaq məktəbdə heç bir psixoloji travma almayıb:

“Sadəcə, uşaq övladlığa götürülüb. Amma valideynlər ailəni qoruya bilməyib ayrılıblar. Pərvin xanım övladını tək böyütməli olub. Səhərdən axşamacan işdədir. Övladını gətirib məktəbə qoyur.  Məktəbdəki qayğı mərkəzinin işçiləri onu dərsdən sonra uşaq evinə aparırlar. Fatimə axşama qədər orada qalır. Sonra isə anası gəlib evə aparır.

Məktəb psixoloqundan xahiş etmişəm ki, o uşaqla xüsusi işləsin. Onda elə bir problem yoxdur, sadəcə qayğıya ehtiyacı var. Ana bütün  günahı məktəbin boynuna yıxmaq istəyir. Deyir ki, övladıma fərdi yanaşa bilməmisiniz. Necə ola bilər?! Müəllim sinifdəki o qədər uşaqla dil tapır, yalnız bu şagirdlə münasibət qura bilmir?! Uşağın qayğıya ehtiyacı var. Müəllim ona “olmaz” deyə bilmir. Müəllimin masasının üzərindəki hər şeyi yerə tökür.

Heç bir əsas olmadan uşağın birdən-birə  “beyni dönür”. Aqressiv hərəkətlər etməyə başlayır. Birtəhər sakitləşdirirlər”.

“Valideyn günahı məktəbin boynuna atmağa çalışır”

Direktor vurğulayıb ki, müəllimin uşağı təhqir etməsi, ona əl qaldırması kimi hallar yaşanmayıb:

Həmin müəllim 30 ilin pedaqoqudur. Ümumiyyətlə, təbiətcə elə insan deyil. Əksinə, müəllim onu ilk partada oturdub ki, daim sığal altında qalsın. Görünür, uşaq evdəki sevgiyə acdır. Bu qayğını anadan gözləyir. Valideyn isə bütün günü işdə olur və günahı məktəbin boynuna atmağa çalışır”.

Fatimənin hazırda dərslərinə davam edib-etməməsi məsələsinə gəlincə isə direktor bildirib ki,  o çox savadlı, oxuyan şagirddir:

“Amma hazırda dərslərinə davam etmir. Valideyni deyir ki, uşaq müalicə alır. Müalicədən sonra isə dərslərinə 279 nömrəli məktəbdə davam edəcək”.

Qeyd edək ki, I sinif şagirdinin anası mediaya müraciətində bunları bildirib:

“Müəllim pedaqoji təcrübəsi olmadığına görə şagirdləri sakitləşdirmək üçün ən zorakı metodlardan istifadə edir. Sanki məktəb deyil, islah əmək koloniyasıdır. 6 yaşlı uşağa qarşı edilən rəftar elə həddə çatıb ki, övladım psixoloji sarsıntı keçirib. Sinif müəlliməsi Svetlana Zeynalovanın özü bəs etmirmiş kimi məktəbin Leyla adlı laborantı da övladımın üstünə qışqırır, ona hədə-qorxu gəlir. İş o yerə çatıb ki, qızım gecələr “ana, qoyma, Leyla üstümə gəlir” deyə sayaqlayır, qışqırıb yuxudan ayılır. Bu hansı qanunda yazılıb ki, 6 yaşlı uşağı məktəbdə qorxudub psixoloji sarsıntı keçirməsinə səbəb olasan?”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları