Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-02 14:44:51
UNEC rektorundan tələbələrə çağırış: “Facebook səhifəmə yazın”

Azərbaycan İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov tələbələrə müraciət edərək, onlara sessiya imtahanlarında uğurlar arzulayıb.

AzEdu.az professor Ədalət Muradovun valideyn və tələbələrə müraciətini təqdim edir:

“Əziz tələbələr,

Qarşıdan gələn növbəti qış imtahan sessiyasında hər birinizə müvəffəqiyyətlər arzulayıram. İnanıram ki, ötən dövr ərzində qazandığınız biliklər və çalışqanlığın gücü ilə sessiyada yüksək nəticələr əldə edəcəksiniz.

Savadınıza arxalanaraq əlinizdən gələnin ən yaxşısını etmək və bu yolda hər zaman öz potensialınıza güvənmək hissinizi daim qoruyun. Hər an sizə dəstək olan əzizlərinizə və müəllimlərinizə əldə etdiyiniz nəticələrlə sevinc bəxş edin. Bu, onların çəkdikləri əvəzsiz zəhmətə qarşı ən gözəl hədiyyə olacaqdır. Şəffaflıq və tələbə biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimiz hər zamankı kimi dəyişilməz olaraq qalacaqdır.

Hörmətli valideynlər,

İctimaiyyətə açıq imtahan prosesini yaxından izləmək, əzizlərinizə dəstək olmaq üçün universitetimizə təşrif buyura bilərsiniz, Sizi UNEC-də görməkdən böyük fəxr hissi duyarıq.

Ənənəmizə sadiq qalaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü universitetimizdə “Açıq qapı” təşkil ediləcəkdir.

KİV, qeyri-hökümət təşkilatlarını və digər ictimaiyyət nünayəndələrini həm imtahan sessiyasını yaxından izləməyə, həm də “Açıq qapı” günlərində iştirak etməyə dəvət edirəm. Bildirəcəyiniz hər bir rəy və təkliflər bizim üçün çox dəyərlidir.

Hər hansı sual və təklif üçün universitetin 1846 Qaynar xətti, imtahan prosesi barədə mərkəzləşmiş Apellyasiya Komissiyası və hər tədris binasında fəaliyyət göstərən Qərargahlar yenə də xidmətinizdə olacaq. Müraciətlərinizi həm mənim, həm də “UNEC İmtahan” facebook səhifəsinə də ünvanlaya bilərsiniz.

Əziz tələbələr!

Bir daha hər birinizə uğurlar arzulayır, ən xoş arzularımı çatdırıram".