https://www.zirve.edu.az/
01.01.2019 14:20
Ramiz Rövşən qıcıqlandırır...       
Çap et

Rəşad Məcid


Ramizin az qala bütün şeirlərini əzbər bilən dostum Nazim bir dəfə ərkyana giley bildirən təbəssümlə məndən soruşdu: 

- Şair niyə bizə "it-qurd" deyir?!

Təəccübləndim. 

- Deyir ki: “Yazdığım söz mənim deyil, Hər itin-qurdun malıdı!” 

Mən də gülümsədim... 

Tikinti və daş işləriylə məşgul olan dostum Elxan da "şair bizi aşağılayıb" deyə gileylənir:

- Çörəyin daşdan çıxırsa 
Qab-qacağı neynirsən?!
Bir məclisdə yerin yoxsa
Qanacağı neynirsən?!

Hərəyə bir cür dəyir şairin misraları! 

Lap elə "hərə bir cür gün qazanır" və ya " Dünya qəfil işıqlansa " deyəndə də... 

Yaxud tapmacavari "Bu qəbirdə bir dərd yatır , Baş daşı da qorxur ondan!" - deyib oxucunu diksindirir, o da şeirin məğzinə yanaşmaqdan qorxub qurcuxa-qurcuxa qalır! 

Amma resept də verir axı!!!

Qalaların uçulanda, "sıxılmaqdan əlin şişib, dırnağın ovcunu deşəndə", hirsin - qəzəbin yumruğunda düyünlənib əsəbin şahə qalxdığı, infarktın - insultun bir addımlığında olduğun zamanda yol da göstərir axı!!!

- Uçdu mən quran qalalar..
Yaxşı ki, var gül balalar,
Dedilər : "Ovcunda nə var
Gələk acaq yumruğunu?!"

Deməli, Ramiz Rövşən hərəni bir cür qıcıqlandırır!

Həm də hərəyə bir cür dəstək olur! 

Oxucularını, sevənlərini ərki və ərköyünlüyüylə, paxılları çox sevilməsiylə, qorxaqları cəsarətlylə, düşmənləri təmkiniylə, əlacsızları reseptiylə..

Bir az eqositliyi də var, əlbəttə ... 

Dostumu hirsləndirən misraları görün necə tamamlayır: 

“Yazmadığım sözlər mənə 
Yazdığımdan vəfalıdı!” 

Ramiz yazmaqdıqlarını, gizlətdiklərini, üzə çıxarmadıqlarını daha vəfalı bilir! Məncə, əsl Şair Eqosudu bu!
Bu Eqo isə keçmişdə və gələcəkdə yerini tutub yetərincə bərkidən, Sözündən tam mənada əmin sənətkarlarda olur!