https://www.zirve.edu.az/
28.03.2018 19:02
Məktəblərdə velosiped idman növü üzrə dünya çempionatı barədə tədbirlər keçiriləcək

Paytaxt məktəblərində Bakıda keçiriləcək velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı ilə əlaqədar silsilə tədbirlər təşkil ediləcək. “2018-ci ilin 5-9 iyun tarixlərində Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqi barədə” Təhsil Nazirliyinin əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri əmr imzalayıb.

BŞTİ-dən verilən məlumata əsasən, müvafiq əmrlə təsdiqlənmiş Tədbirlər Planına əsasən çempionat ərəfəsində ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini təbliğ etmək və tanıtmaq məqsədilə məktəblilərin iştirakı ilə yürüş, fləşmob və konsert proqramları təşkil olunacaq. Həmçinin çempionatın təbliğinə həsr olunan sərgi və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Dünya çempionatına hazırlıq prosesi barədə məlumatlar təhsil müəssisələrinin internet resurslarına yerləşdiriləcək, tədbirlər kütləvi informasiya vasitələri və televiziya proqramlarında işıqlandırılacaq.