Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-20 09:47:00
Təhsildən yayınan uşaqlar: Qarşısı necə alınmalıdır?

Müxtəlif səbəblərdən dolayı ailə və pedaqoji təsir vasitələrindən 132 uşaq təhsildən kənarda qalıb.

 

Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əks olunub.

 

Bəs, görəsən, uşaqların təhsildən kənar qalmaması, həmçinin təhsilə cəlb olunması üçün hansı addımlar atılmalıdır? Gələcəkdə bu say arta bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Musa Qasımlının sözlərinə görə uşaqların məktəbdən yayınmasının səbəblərini araşdırmaq lazımdır:

 

“Dövlətimiz bütün vətəndaşlar üçün bərabər təhsil imkanları yaradıb. Ən müasir məktəblərimiz tikilib istifadəyə verilib. Belə bir şəraitdə uşaqların məktəbdən yayınmasının səbəblərini araşdırmaq, bunun çıxış yollarını tapmaq, buraxılmış səhvlərdən ibrət almaq və gələcəkdə yol verməmək lazmdır.

 

Şagirdlərin məktəbdən kənar düşməsinin 2 başlıca səbəbini görürəm. Birincisi, hər bir valideyn öz övladının təhsil almasında maraqlı olmalıdır. Bundan ötrü valideyn məktəblə ünsiyyətdə olmalıdır. Valideyn məktəblə ünsiyyətdə deyilsə, övladı ya məktəbə getməyəcək, ya da məktəb adı ilə evdən çıxmaqla sinif otağına daxil olmayıb, başqa işlərlə məşğul olacaq”.

 

Deputat qeyd edib ki, məktəb rəhbərliyi ciddi nizam-intizam yaradarsa, şagirdlərin məktəbdən yayınma halları azala bilər:

 

“İkinci səbəb kimi həmin şagirdlərin olduğu məktəb rəhbərliyini görürəm. Məktəb rəhbərliyi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə saxlayıb, məktəb yaşına çatmış uşaqların siyahısını götürməlidir. O, bilməlidir ki, yeni dərs ilində rəhbərlik etdiyi məktəbə 1-ci sinifə neçə nəfər şagird gələcək.

 

O, bu rəqəmi hazırlıq qruplarından da götürə bilər. Məktəb rəhbərliyi ciddi nizam-intizam yaradarsa, şagirdlərin məktəbdən yayınma halları olmaz və ya azalar.

 

Təhsil millətimizin gələcəyidir. Hər bir şəxs orta təhsil almalıdır. Əgər uşaqlar məktəbdən yayınacaqsa, gələcəkdə cəmiyyətimizi cəhalət, xurafat və radikalizm gözləyə bilər”.