Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-21 13:53:54
Macarıstanda keçirilən Novruz şənliyində azərbaycanlı tələbələr bir araya gəliblər

Azərbaycanın Macarıstandakı səfirliyi Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Tədbirdə Macarıstanda təhsil alan 100-ə yaxın azərbaycanlı və 50-dək xarici tələbə iştirak edib. 


AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən səfir Vilayət Quliyev Novruz bayramının tarixi və adət-ənənələri barədə məlumat verib.

O, xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının UNESCO Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edilməsi, BMT Baş Assambleyası tərəfindən mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 ildir ki, Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilməsi barədə danışıb.
Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. O, bu ölkədə təhsil alan tələbələrimizə Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmağı, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.


Həmçinin V.Quliyev 2018-ci ilin ölkəmiz üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirərək, cari il aprelin 11-də Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini, həmçinin bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu xatırladıb. Səfir prezident seçkiləri ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradıldığını bildirərək, aprelin 11-də tələbələrimizi öz seçki hüququndan fəal istifadə etməyə çağırıb. V.Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı səfirlik tərəfindən keçiriləcək silsilə tədbirlər barədə də məlumat verərək, tələbələri bu tədbirlərdə yaxından iştirak etməyə dəvət edib.


Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət süfrə açılıb, səfirliyin həyətində bayram tonqalı qalanıb.