Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-13 12:03:00
“Örnək müəllim”: Xarici dil müəllimləri sertifikasiyadan yüksək nəticə göstərəcəklər

Bu il 31 min müəllimin sertifikasiyaya cəlb olunması nəzərdə tutulub. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, Riyaziyyat və Xarici dil müəllimləri növbəti sertifikatlaşdırılma imtahanlarına cəlb olunacaqlar.

 

AzEdu.az-a danışan 207 nömrəli tam orta məktəbin İngilis dili müəllimi, “Örnək müəllim” Reyhan Rzayevanın sözlərinə görə sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün önəmlidir:

 

“Bu il xarici dil fənnindən müəllimlərin sertifikasiyası keçiriləcək. Düşünürəm ki, sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün vacib rola malikdir. Bununla bərabər, sertifikasiyanın məqsədi təhsilverənlərin peşəkar inkişafına nail olmaq və onların təlim ehtiyaclarını öyrənməkdir. Buna görə də müəllimlərin fəaliyyətində rolu önəmlidir. Sertifikasiyanın aparılmasının üstünlüklərindən biri də budur ki, müəllimləri daima öz üzərində işləməyə və peşə fəaliyyətində innovativliyə sövq edir.

 

Sertifikasiya imtahanı məktəb proqramını əhatə edir. Mən də davamlı olaraq özümü inkişaf etdirirəm. Şagirdlərlə qrammatika, oxuyub-anlama əsasında tapşırıqlar edirik, və bunlar da mənim üçün təkrardır. Həmçinin, həmkərlarımla birlikdə əməkdaşlıq edirik, bilik və bacarıqlarımızı bölüşürük”.

 

Müəllim qeyd edib ki, xarici dil müəllimlərinin səviyyəsi ölkəmizdə yaxşıdır:

 

“Bunu şagirdlərin buraxılış imtahanlarında xarici dil fənnindən yüksək nəticə əldə etmələri bir daha sübut edir. Düşünürəm ki, xarici dil fənnindən sertifikasiya imtahanının da nəticələri yüksək olacaq”, - deyə fikrini tamamlayıb.