Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 15:23:00
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul ŞƏRTLƏRİ

Hər il Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul həyata keçirilir.

 

Bəs, görəsən, namizədlər akademiyaya necə müaciət edə bilərlər?

 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Akademiyasından AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, “həqiqi hərbi xidmətə getməyən, akademiyaya qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşlarının yaşı 17-dən çox, 20-dən az olmalıdır. Əgər namizəd hərbi xidmətdə olubsa, bu halda onun yaşı qəbuladək 23-dən çox olmamalıdır. Akademiyaya müraciət edən şəxslər üçün tələblərdən biri də onun tam orta və ya orta-ixtisas təhsilli və fiziki cəhətdən sağlam olmasıdır.

 

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanında iştirak edərək akademiyaya qəbul olunurlar. Ümumi təhsil müddəti digər mülki ali təhsil müəssisələrində olduğu kimi 4 ili əhatə edir. Məzunlar 100% işlə təmin olunurlar. Bundan əlavə təhsil müddətində gənclərin bütün xərcləri dövlət tərəfindən qarşılanır”.

 

Qeyd olunub ki, akademiyada qızlar üçün təhsil nəzərdə tutulmayıb:  

 

“Akademiyaya müraciət etmək istəyən kişi namizədlər ərizə, anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir), tərcümeyi-hal, özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri, attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış, orta ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti, yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti, 4 (dörd) ədəd rəngli fotoşəkilini (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə) Dövlət Sərhəd Xidmətinin Akademiyasına, yaxud da yaxınlıqda yerləşən hərbi hissələrə təqdim edə bilərlər”.