Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-07 16:35:00
  Gənc tədqiqatçılar üçün seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər üçün “Nüfuzlu jurnallarda məqalələrin dərc olunması qaydaları” mövzusunda seminar keçirilib.

 

Bu barədə institutdan AzEdu.az-a  məlumat verilib.

 

Bildirilib ki, seminarda təqdimatla çıxış edən institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev elektron sistem üzərindən məqalənin “Web of Science” və “Scopus” bazalarında arxivləşən “Elsevier”, “Springer”, “Wiley” və “Taylor&Francis” nəşriyyatlarına aid olan jurnallara təqdim edilməsi, nəşr prosesinin bütün mərhələləri haqqında geniş izahat verib. Bildirib ki, bu mövzularda keçirilən seminarların gənc alimlər üçün daha böyük əhəmiyyəti var. Çünki onlar həm nəzəri biliklər əldə etmək, həm tədqiqat aparmaq bacarıqları və vərdişləri mənimsəməklə yanaşı, həm də əldə etdikləri elmi nəticələrin məqalə şəklində yazılması və dərc edilməsi qaydalarını öyrənmiş olurlar.

 

Əfsun Sucayev qeyd edib ki, məqalənin nüfuzlu jurnallarda dərc edilməsi – tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir.

 

Onun sözlərinə görə, təqdim olunan məqalələrin yüksək indeksli nəşrlərdə qəbul edilməməsi mütəxəssislərin bir sıra hallarda öz dəyərli nəticələrini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu sahədə təcrübə çatışmazlığından irəli gəlir. Bu problemləri nəzərə alaraq, keçirilən silsilə seminarlarda nüfuzlu elmi jurnallarda elmi nəticələrin dərci və bununla bağlı olan problemlər, elmi məqalənin çap üçün təqdimolunma prosesi və tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamlar gənc tədqiqatçıların diqqətinə çatdırılır.

 

Əfsun Sucayev konkret nümunələr əsasında nüfuzlu jurnallarda məqalə dərc etməyin qaydalarını göstərib və sualları cavablandırıb.