Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-25 15:57:00
Sertifikasiyadan 55 bal yığan 62 yaşlı müəllim: “4-cü sinif səviyyəsində suallar idi”

Məlum olduğu kimi, avqustun 31-də könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan müəllimlər sertifikasiya müsabiqəsindən keçdilər. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, təhsilverənlərin 53 nəfəri 60 və yuxarı yaşda olanlardır ki, həmin müəllimlərin 7-si 51-dən yuxarı bal toplayıb.


Onlardan biri də Aysaba Allahverdiyevadır.

 

Belə ki, ibtidai sinif müəllimi olan A.Allahverdiyevanın 62 yaşı var. O, sertifikasiya imtahanında iştirak edərək 55 bal yığıb.

 


AzEdu.az-a müsahibə verən Aysaba müəllim təəssüratlarını və müəllimlərə tövsiyələrini bölüşüb:

 

- İmtahan başlayanda sizdə qorxu və ya həyəcan vardımı?

 

- Əsla! Həyəcan hissi yaşamadım. Ən azından minimum balı toplayacağıma əmin idim.

 

- Bəs yekun balınızı gördükdə hansı hislər keçirdiniz ?

 

- Düzünü desəm, çox sevindim. Amma düşünürəm ki, daha yüksək bal toplaya bilərdim. Bəzi suallar oldu ki, düzgün qeyd etdiyim halda sonradan fikirləşib variantı dəyişdim. Yekunda görəndə ki, ilk qeyd etdiyim cavab düzgün idi, bu, məni çox təəssüfləndirdi. Ən azı 3 sualımda bunu təkrarladım.

 

- Hazırlaşma prosesiniz necə idi?

 

- Özüm hazırlaşırdım. Əsasən də Azərbaycan dilinə, lakin bir ara eşitdim ki, 60 yaşından yuxarı müəllimlər sertifikasiyada iştirak etməyəcək. Ondan sonra hazırlaşmağı da dayandırdım. Avqustda bizə məlumat verildi ki, könüllü şəkildə müsabiqədə iştirak edə bilərik. Onda oxuyub nə isə təkrarlamağa o qədər də həvəsim olmadı. Amma bu qərarlar qəbul olunmazdan əvvəl mütamadi olaraq hazırlaşırdım.

 


- Qeyd etdiyimiz kimi, sertifikasiya sizin üçün könüllü idi. Bəs müsabiqədə iştirak etməyinizin əsas səbəbi nə oldu?

 

- Bir çoxları elə düşünə bilər ki, məhz maaş artımına görə sertifikasiyada iştirak etdim. Lakin mən uzağı 2-3 ilə təqaüdə çıxacam. Əsas məqsədim ümumi olaraq sertifikasiya prosesi ilə tanış olmaq idi. Necə deyərlər, artıq bu mənim öz peşəm üçün verdiyim son imtahan oldu. Fəaliyyət göstərdiyim məktəbdə müəllimlər arasında ən yaşlı mən idim. Digərləri yüksək bal toplayacağımı bilirdi və mənə dəstək verirdilər. Yəni, ümumi olaraq sözügedən müsabiqədə iştirak etmək mənim üçün maraqlı idi.

 

- Sertifikasiyada iştirak edəcək bir çox gənc müəllim var. Onlara nəyi tövsiyə edərdiniz?

 

- Əgər öz üzərilərində çalışıb, daim yeniliklərə can atsalar, əziyyətləri heç vaxt yerdə qalmayacaq. Sertifikasiya çətin proses deyil. Hətta müşahidə etdiklərim əsasında deyə bilərəm ki, imtahanda 4-cü sinif səviyyəsində suallar mövcud idi. Sadəcə olaraq, özlərində məsuliyyət hiss etsinlər. Bu, onları uğura aparacaq.