Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-15 15:07:00
“Brend tələbə”dən iddialı CAVAB: “Özünü təqdim etməyi bacarmalısan”

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək göstəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini ali təhsil müəssisələrinə yeni qəbul olunan abituriyentlərlə bölüşməsidir.

 

Budəfəki müsahibimiz Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Günel Quliyevadır.

 

“Brend tələbə” uğurlu tələbə olmağın sirlərindən danışıb:

 

 

“İlk növbədə tələbə adı qazanan hər bir gənci təbrik edirəm. Düşünürəm ki, gələcək həyatlarının hansı yöndə, necə formalaşması məhz “tələbəlik illəri”nin nəticəsi olacaq. Öncə əsas tövsiyəm budur ki, tələbə istənilən şəraitdə həyəcanını cilovlamağı bacarmalıdır. Uğurlu tələbə olmaq üçün ilk növbədə, özünü təqdim etmək qabiliyyətinə malik olmalısan. İkinci əsas şərt budur ki, gərgin rejimdə çalışmağı, günlük cədvəl hazırlayıb, saatlarını bölüb, həm dərslərinə, həm də şəxsi həyatlarına vaxt ayırmağı düzgün tərtib etsinlər. Dərslərinə qarşı intizamlı olsalar, digər işləri də öz axarında gedəcək. Fəal tələbə olmağın ən önəmli amili tənbəllikdən qaçmaqdır. Qarşılaşdıqları hər mühitə və çətinliyə açıq olmaq; müəyyən hadisələrdən özləri üçün təcrübə və ibrət qazanmaq; həyat yollarında rastlaşdıqları mürəkkəblikləri uğurla adlamaq üçün səy göstərmək tələbənin başlıca məqsədi olmalıdır. Bütün qeyd etdiklərim, həmçinin tələbəlik həyatı üçün rəngarənglik yaradır”.

 

 

Müsahibimiz qeyd edib ki, universitetə yeni qəbul olunan tələbələr insanlarla ünsiyyət qurmağa çalışmazdan əvvəl bir-birlərini qarşılıqlı izləyib, dinləməlidir:

 

“Ən gözəl dostluqların yarandığı bu illər gözəl xatirəyə çevrilir, onların bir-birlərinə təmiz münasibəti yaranır. Tələbəlik illərində tədbir və xüsusi layihələrdə iştirak etmək gənclərin şəxsi inkişaflarına da təkan verə bilir. Onlar düşünməsinlər ki, tələbə daim dərs oxumalıdır. Əlbəttə, dərs hazırlığı ilk planda olmalıdır. Bununla yanaşı, dərsdən əlavə vaxtları gözəl şəkildə dəyərləndirmək, mənalı keçirmək onlar üçün ömürlük uğurdur. Dostluq münasibətləri, həmçinin bir-birlərini anlamaq, qarşılıqlı dəstək olmaq deməkdir. Şəxsi münasibətlər, eləcə də dərslərdə yardımlaşma, köməkləşmə etibarlı dostluğun təməlidir. Fəal, çalışqan tələbə olmaq üçün bu adı dərk etmək, yaşantını və fəaliyyəti bu yöndə qurmaq lazımdır”.

 

Günel Quliyeva tələbələrin smestr imtahanlarına necə hazırlaşmalı olduqlarından söz açıb:

 

“Semestr imtahanları həyəcanlı gəlsə də, tədris boyu dərslərini mükəmməl hazırlasalar, imtahanlarda sadəcə təkrar etmək kifayət edəcək. Əgər semestr ərzində “İmtahanqabağı hazırlaşaram” deyə düşünüb sınağa hazırlaşmağı sona saxlasalar, bu, tələbələr üçün çətinlikdən başqa bir şey olmayacaq. Sonda tələbə adını qazanmış dostlarıma uğurlar və bol nailiyyətlər diləyirəm. "Tələbə" adının haqqını verərək, bu illəri uğurla başa vurmalarını arzu edirəm”.