Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 13:53:00
Şəhid Baş Leytenantın qızı: “Nəticəmi görəndə sevincimdən ağladım”

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olundu.

 

 

Tələbə adını qazanan abituriyentlər içərisində Şəhid baş leytenant Azər Şəmilovun qızı Aynurə Şəmilova var.

 

Belə ki, o, 598.7 bal ilə ADA universitetinin hüquqşünaslıq ixtisasına qəbul olunub.

 

AzEdu.az-a müsahibə verən Aynurə Şəmilova öz təəssüratlarını və gələcək hədəflərini bizimlə bölüşüb.

 

Müsahibəni təqdim edirik:

 

 

- Nəticənizi görəndə özünüzün və ailənizin ilk təəssüratı necə oldu?

 

 

- Nəticələr açıqlanananda evdə deyildim. Şamaxıya “Yaşat” düşərgəsinə getmişdim. Burada konsertdə idik. Bəzi səbəblərə görə otağıma qayıtdım. Həmin an gördüm ki, nəticələr açıqlanıb və dərhal sayta daxil oldum. Elə birinci yerə yazdığım universitetə qəbul olunmuşdum. Həmin an qışqırararaq “ADA” dedim və sevincimdən ağlamağa başladım. Təbii ki, bu xəbəri anama da bildirdim. O da mənim kimi sevincindən ağlamağa başladı.

 

- Seçimdə ən çox hansı ixtisaslara üstünlük vermişdiniz?

 

 

- Məlumdur ki, 15 ixtisası seçmə şansımız var idi. Mən ilk 10 yerə hüquq yazmışdım. Ən başlıca istəyim isə ADA universitetinin hüquqşünaslıq ixtisasına qəbul olunmaq idi və bunu bacardım. Düşünürəm ki, yüksək nəticə göstərmək üçün çox çalışmaq deyildə, ağıllı çalışmaq lazımdır.

 

- Məlumdur ki, artıq tələbə adını qazanmısınız. Məktəb illəri üçün darıxacaqsız?

 

 

- Müəllimlərim və məktəb dostlarım üçün darıxacam. Onların hamısı bu dönəmdə mənə dəstək olublar. Məktəb bitsə də əlaqəmiz daima olacaq.

 

- Xaricdə təhsil almağı heç düşünmüsünüz?

 

 

- Düşünürəm. Magistratura təhsilimi xaricdə almaq istərdim.

 

- Bəs ölkə və universitetə qərar vermisiniz?

 

 

- İngiltərədə yerləşən dünyanın ən nüfuzlu universitetlərindən biri sayılan Oksfordda təhsil almaq istəyirəm.

 

- Təhsilinizdə ən böyük dəstəkçiniz kimdir?

 

 

- Ən böyük dəstəkçim anam və qardaşımdır. Bəzən oxumaqda çətinlik çəkdiyim dönəmlər olub. Hansı ki, artıq çalışmaqdan usanırsan. Bu zaman anam və qardaşım mənə həmişə motivasiya verir, dəstək olurdular.

 

- Son olaraq, həmyaşıdlarınıza özlərini inkişaf etdirmələri ilə bağlı nə kimi tövsiyələr verərdiniz?

 

 

-Düşünürəm ki, inkişaf etmək üçün çoxlu bədii kitab oxumaq lazımdır. Həmçinin, dil öyrənmək üçün ən asan üsullardan biri alt yazı ilə filmlərə baxmaqdır. Mən özüm bu üsul ilə ingilis dilindən maksimum nəticə göstərmişdim.