Azedu.az

"Məni burada möcüzələr yaradan müəllim adlandırırlar" - Omanda çalışan azərbaycanlı alimlə MÜSAHİBƏ

Müsahibə

5 Avqust 2026, 13:36
"Məni burada möcüzələr yaradan müəllim adlandırırlar" - Omanda çalışan azərbaycanlı alimlə MÜSAHİBƏ

Dr. Səidə Xəlilova musiqi təhsili, elmi-akademik rəhbərlik və mədəni diplomatiya sahələrində 29 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. O, Bakı Musiqi Akademiyasını bitirib, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı alıb.

2023-cü ildə Omanın paytaxtı Maskatda təsis etdiyi Royal Conservatory of Music and Art (RCMA)-nın qurucusu və direktoru kimi fəaliyyət göstərən Dr. Xəlilova Körfəz regionunda klassik musiqi təhsilinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verir.

Peşəkar fəaliyyəti ərzində 2011-2019-cu illərdə Sultan Qaboos Universitetində akademik fəaliyyət göstərib, 2019-2023-cü illərdə Muscat Music & Art Academy-yə rəhbərlik edib. 2023-cü ildən isə RCMA-nın təsisçisi və direktoru kimi fəaliyyətini davam etdirir.

Hazırda RCMA-nın ABRSM (Associated Board of the Royal Schools of Music) və Trinity College London ilə birbaşa imtahan mərkəzi statusu əldə etməsi üçün akkreditasiya prosesi davam edir. Bu status əldə olunduqdan sonra Omanda təhsil alan tələbələr beynəlxalq musiqi imtahanlarını vasitəçi qurumlara ehtiyac olmadan birbaşa RCMA-da verə biləcəklər.

Dr. Səidə Xəlilova mədəni diplomatiya sahəsində də fəal fəaliyyət göstərir. RCMA vasitəsilə Azərbaycan, Rusiya və Türkiyə səfirlikləri ilə əməkdaşlıq çərçivəsində Maskat Milli Muzeyində və digər nüfuzlu məkanlarda konsertlər, beynəlxalq mədəni proqramlar və diplomatik tədbirlər təşkil edir. O, Azərbaycanın Zəfər Günü və Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbul proqramlarının, eləcə də müxtəlif beynəlxalq mədəni gecələrin təşkilatçılarından biridir.

Azərbaycan musiqi mədəniyyətinin Omanda tanıdılması istiqamətində həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. Belə ki, 31 may 2024-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən “Şuşa - Şərqin mədəniyyət ocağı” tədbirinin təşkilatçısı olub. 30 may 2025-ci ildə isə Azərbaycan və Oman arasında dostluq münasibətlərinin inkişafına həsr olunan Azərbaycan Mədəniyyət Dostluğu Konsertini təşkil edib. Həmin tədbirdə 300-dən çox yerli və xarici qonaq iştirak edib.

Onun Omanda musiqi təhsili və mədəni diplomatiya sahəsində gördüyü işlər ölkənin nüfuzlu qəzet və informasiya portallarında geniş işıqlandırılıb. Dərc olunan məqalələrdə Dr. Səidə Xəlilovanın Azərbaycan ilə Oman arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələr, RCMA-nın beynəlxalq layihələri və klassik musiqinin təbliği istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycan tarixinə və milli-mədəni irsinə bağlılığı ilə seçilən Dr. Səidə Xəlilova bu gün də elm, təhsil və mədəniyyət sahələrində fəaliyyətini davam etdirərək Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir.

AzEdu.az xaricdə yaşayan Səidə Xəlilova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Səidə xanım, sizi daha yaxından tanımaq istərdik.

- 1970-ci ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimi 190 nömrəli tam orta məktəbdə və eyni zamanda 12 nömrəli Tofiq Quliyev adına Musiqi Məktəbində almışam. Musiqi ilə tanışlığım isə daha erkən yaşlarda başlayıb. Hələ 4 yaşım olanda o dövrün Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq kurslarına gedirdim.

Sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsində ali təhsil almışam.

Ali təhsilimi başa vurduqdan sonra Bakı Musiqi Akademiyasında konsertmeyster kimi fəaliyyətə başladım. Paralel olaraq Asəf Zeynallı adına Musiqi Texnikumunda 11 il müəllim işlədim. Mərhum tarzən Ramiz Quliyevin kafedrasında çalışır, onun konsertmeysteri kimi müxtəlif ölkələrdə keçirilən beynəlxalq konsertlərdə iştirak edirdim.

2011-ci ildə Oman Sultan Qabus Universitetindən müəllim kimi işləmək üçün dəvət aldım. Əslində, xaricdə yaşamaq və işləmək planım yox idi. Lakin bu təklif həm peşəkar inkişafım, həm də oğlumun gələcək təhsili baxımından mənə cəlbedici gəldi.

Zaman keçdikcə universitetdən kənarda da mənə müraciət edən tələbələrin sayı artdı. Opera Evindən və digər musiqi qurumlarından gələn müraciətlər nəticəsində öz musiqi akademiyamı yaratmaq qərarına gəldim. Hazırda təsis etdiyim Royal Conservatory of Music and Art-da ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Livan, Türkiyə, Rusiya, Azərbaycan və digər ölkələrdən tələbələr təhsil alırlar.

Akademiyada təkcə klassik musiqi deyil, Azərbaycan musiqisi də xüsusi yer tutur. Tələbələr Azərbaycan bəstəkarlarının əsərlərini böyük maraqla öyrənirlər. Təşkil etdiyim konsert və tədbirlərin proqramlarının təxminən yarısı Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunur. Mənim üçün Azərbaycan musiqisinin beynəlxalq auditoriyaya tanıdılması əsas missiyalardan biridir.

Elmi fəaliyyətimi də dayandırmamışam. Omanda çalışdığım illərdə Bakı Musiqi Akademiyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişəm. Bir kitabın, metodik vəsaitlərin, elmi məqalələrin və beynəlxalq konfrans materiallarının müəllifiyəm.

Xaricdə yaşamağıma baxmayaraq, fəaliyyətimin mərkəzində hər zaman Azərbaycan dayanıb. İlk illərdə insanlara azərbaycanlı olduğumu deyəndə ölkəmizi tanımayanlar çox olurdu. Bəzən Azərbaycanı Türkiyəyə yaxın yerləşən ölkə kimi izah etməli olurdum. Bu isə məni narahat edirdi.

Məhz buna görə ilk konsertimdən etibarən proqramlarıma Azərbaycan bəstəkarlarının əsərlərini daxil etməyə başladım. Konsertlərdən sonra müxtəlif ölkələrdən olan dinləyicilər musiqimizə maraq göstərir, Azərbaycan haqqında suallar verirdilər. Mən də hər dəfə böyük qürur hissi ilə ölkəmi tanıdırdım.

Zaman keçdikcə Omanın mətbuatında fəaliyyətim haqqında yazılar dərc olunmağa başladı. Sultan Qabusun vəfatından sonra universitet rəhbərliyi müxtəlif ölkələrdən olan alimlərə onun irsinə həsr olunan məqalələr hazırlamağı təklif etdi. Təxminən 600 müəllifin yazısı arasından seçilən 19 məqalə kitab halında nəşr olundu və mən də həmin müəlliflərdən biri oldum.

Kitabda müəllif haqqında məlumat verilərkən xüsusi olaraq "azərbaycanlı pianoçu" kimi təqdim olunmağımı xahiş etdim. Çünki harada çalışmağımdan asılı olmayaraq, özümü hər zaman Azərbaycanın nümayəndəsi hesab etmişəm.

İllər keçdikcə Omanda məni yalnız musiqiçi kimi deyil, həm də Azərbaycanın təmsilçisi kimi tanımağa başladılar. Hətta ölkəmizin Omanda səfirliyi fəaliyyətə başlamazdan əvvəl Azərbaycanla bağlı məsələlərdə tez-tez mənə müraciət edilirdi.

Royal Conservatory of Music and Art fəaliyyətə başladıqdan sonra bu əlaqələr daha da genişləndi. ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrdən Omana köçən ailələr uşaqlarını məhz azərbaycanlının yaratdığı məktəbdə oxutmaq istədiklərini bildirirdilər. Müəllim heyətində müxtəlif ölkələrin nümayəndələri çalışsa da, bir çox valideyn övladlarına məhz azərbaycanlı müəllimin dərs keçməsini arzulayırdı. Bu, mənim üçün böyük qürur mənbəyidir.

Akademiya vasitəsilə mütəmadi olaraq konsertlər və beynəlxalq mədəni tədbirlər təşkil edirik. Bu proqramlarda adətən 200-300 qonaq, o cümlədən diplomatlar, müxtəlif ölkələrin nümayəndələri və Omanın tanınmış ziyalıları iştirak edirlər.

2024-cü ilin mayında Azərbaycanın Omandakı Səfirliyinin dəstəyi ilə Şuşaya həsr olunmuş geniş mədəni proqram təşkil etdik. Tədbirdə Azərbaycanın tarixi, mədəni irsi və təbiətini əks etdirən təqdimatlar nümayiş olundu, milli musiqimiz səsləndirildi. Tədbirdən sonra qonaqlar sosial şəbəkələrdə Azərbaycan bayrağı və Şuşa ilə bağlı paylaşımlar edərək böyük maraq göstərdilər. Bu, mənim üçün qürurverici anlardan biri idi.

Fəaliyyətimiz Omanın aparıcı media orqanlarının da diqqətini cəlb edir. Yerli televiziya və qəzetlər mütəmadi olaraq təşkil etdiyimiz tədbirlər barədə reportaj və məqalələr hazırlayırlar. Azərbaycanda mühüm hadisələr baş verəndə jurnalistlər məlumatı dəqiqləşdirmək üçün tez-tez mənə müraciət edirlər.

Bunu xüsusilə 44 günlük Vətən müharibəsi dövründə hiss etdim. Bir radioda "Azərbaycan Qarabağa hücum edib" ifadəsini eşidəndə dərhal etiraz etdim və məsələ ilə bağlı Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi ilə əlaqə saxladım. Rəsmi müraciətdən sonra həmin media qurumu mənimlə əlaqə saxlayaraq üzr istədi və məlumatı düzəltdi.

Müharibə günlərində oğlumla birlikdə gecələr Azərbaycan həqiqətlərini ingilis dilinə tərcümə edir, Xocalı soyqırımı və Qarabağla bağlı materialları xarici jurnalistlərə göndərirdik. Sonrakı dövrdə də Azərbaycan folkloru, milli mətbəxi və mədəniyyəti ilə bağlı materialların hazırlanmasına dəstək verməyə davam etdik.

Harada yaşamağımdan və fəaliyyət göstərməyimdən asılı olmayaraq, əsas məqsədim Azərbaycan musiqisini, mədəniyyətini və ölkəmin dəyərlərini beynəlxalq auditoriyaya tanıtmaq olub və bu missiyanı bu gün də davam etdirirəm.

- Fiziki olaraq Azərbaycandan uzaqda olsanız da, fəaliyyətinizin mərkəzində yenə də Azərbaycan dayanır. Bu bağlılığı illər ərzində necə qoruyub saxlamısınız?

187493

- Düşünürdüm ki, Omanda qısa müddət işləyib Azərbaycana qayıdacağam. Lakin bu ölkə mənim üçün tamamilə yeni idi və ilk vaxtlar uyğunlaşmaq asan olmadı. Azərbaycandan fərqli həyat tərzi, yeni mühit və Vətəndən uzaqda olmaq mənə çətin təsir edirdi. Tez-tez geri qayıtmağı düşünürdüm. Amma işimi sevirdim, yaradılan şərait və təklif olunan imkanlar da çox cəlbedici idi.

Beləliklə, qalmağa qərar verdim və bu gün artıq 16 ildir Omanda yaşayıram.

Omanı çox sevirəm. Bu ölkənin insanları son dərəcə mehriban, mədəni və ziyalıdırlar. Burada mənim üçün peşəkar baxımdan tamamilə yeni bir mərhələ başladı. Həmin dövrdə Omanda klassik musiqi təhsili bugünkü səviyyədə inkişaf etməmişdi. Mərhum Sultan Qabusun təşəbbüsü ilə Opera Evi yaradıldı, universitetdə Musiqi Departamenti açıldı. Biz də həmin departamentin ilk müəllimləri sırasında yer alaraq bu inkişaf prosesinə töhfə verdik.

Bununla belə, Vətəndən uzaqda yaşamaq insana Azərbaycanın dəyərini daha dərindən hiss etdirir. Mən Bakıya və doğma ölkəmə çox bağlıyam. Dərs keçərkən belə bəzən gözümün önünə Bakının küçələri, yaşadığım məhəllə, konservatoriyaya gedib-gəldiyim yollar gəlir. Vətən həsrəti insanın içindən heç vaxt çıxmır.

Xaricdə yaşayanlar bu hissi yaxşı anlayırlar. İnsan nə qədər uğur qazansa, nə qədər rahat yaşasa da, daxilində qəriblik hissi həmişə qalır. Mən də "qəriblik" sözünün əsl mənasını məhz Omanda yaşamağa başlayandan sonra dərk etdim.

Bu ölkədə işimdən, mənə göstərilən hörmətdən və insanların münasibətindən son dərəcə razıyam. Amma bütün bunlara baxmayaraq, Azərbaycanın yeri mənim üçün hər zaman ayrıdır. Harada yaşamağımdan asılı olmayaraq, özümü ilk növbədə Azərbaycanın nümayəndəsi hesab edirəm.

- Heç Azərbaycana qayıdıb fəaliyyətinizi burada davam etdirmək barədə düşünmüsünüz?

- Oman mənim üçün artıq ikinci vətənə çevrilib. Bu ölkəni çox sevirəm. Amma qəriblik hissi heç vaxt məni tərk etməyib. Düşünürdüm ki, illər keçdikcə bu hiss azalacaq, lakin əksinə, insan yaşa dolduqca vətən həsrətini daha dərindən yaşayır.Məhz buna görə də burada gördüyüm hər işdə Azərbaycan sevgisi var. Mənə "çox yaxşı müəllimsiniz", "çox uğurlusunuz" deyəndə hər zaman bildirirəm ki, bunun təməli Azərbaycanda aldığım təhsildir. Müəllimlərimdən, Bakı Musiqi Akademiyasındakı təhsil mühitindən həmişə qürurla danışıram. Hətta tələbələrim və həmkarlarım da artıq mənim müəllimlərimi tanıyırlar.

Xaricdə yaşamaq insana böyük məsuliyyət yükləyir. Çünki burada artıq təkcə özünü deyil, dövlətini, millətini və mədəniyyətini təmsil edirsən. Uğur qazansan, "bu azərbaycanlıdır" deyirlər, səhv etsən də yenə bunu ölkənin adına yazırlar. Ona görə insan hər addımını daha məsuliyyətlə atmağa çalışır.Biz də müxtəlif xalqlar haqqında müəyyən təsəvvür formalaşdırırıq. Eyni qaydada onlar da azərbaycanlılar haqqında fikirlərini bizim davranışımıza əsasən formalaşdırırlar. Şükür edirəm ki, Omanda yaşayan azərbaycanlılar savadlı, ziyalı və ölkəmizi layiqincə təmsil edən insanlardır. Buna görə də burada Azərbaycana böyük rəğbət bəsləyirlər.

Hər il təxminən 15-20 omanlı ailəsinə və digər xarici vətəndaşlara Azərbaycana səyahət etməyi tövsiyə edirəm. Onlara ölkəmizin görməli yerləri, tarixi və mədəni məkanları haqqında məlumat verir, haraları gəzməli olduqlarını izah edirəm. Bu da Azərbaycanın tanıdılması istiqamətində kiçik töhfəm hesab edirəm.Ötən il Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Oman-Azərbaycan dostluq və mədəni əlaqələrinə həsr olunmuş böyük tədbir təşkil etdik. Təxminən 300 nəfərin iştirak etdiyi həmin gecə iki xalq arasında mədəni körpülərin möhkəmlənməsinə xidmət edən çox uğurlu layihələrdən biri oldu.

Azərbaycana qayıtmaq məsələsinə gəlincə, həyatda heç vaxt "heç vaxt" demək olmaz. Əlbəttə, vətənimə qayıtmaq istəyərəm. Lakin hazırda bütün diqqətim yaratdığım musiqi məktəbinin inkişafına yönəlib.
Bu məktəb artıq təkcə mənə məxsus deyil. Burada hamı bilir ki, onun yaradıcısı azərbaycanlıdır və məktəb müəyyən mənada Azərbaycanı təmsil edir. Ən böyük arzum odur ki, bu məktəb məndən sonra da fəaliyyətini davam etdirsin, daha da inkişaf etsin və uzunömürlü olsun.

- Xaricdə yaşamaq sizə öz ölkənizi daha yaxşı tanımağa kömək edibmi?

187489

- Əlbəttə, xaricdə yaşamaq mənə həm Azərbaycanı daha yaxşı tanıtmağa, həm də ölkəmin dəyərini daha dərindən anlamağa kömək edib. Mən bunu taleyin mənə verdiyi bir missiya kimi qəbul edirəm. Düşünürəm ki, Allah məni məhz bu məqsədlə Omanda yaşamağa gətirib. Geriyə baxanda görürəm ki, son 16 ildə həyatımın demək olar ki, hər günü Azərbaycanın tanıdılmasına xidmət edib. Harada fəaliyyət göstərmişəmsə, iştirak etdiyim hər layihədə, hər tədbirdə, hər uğurda Azərbaycanın adı səslənib. Bu, mənim üçün böyük qürur mənbəyidir.

- Siz həm alim, həm də musiqiçisiniz. Bu iki sahə bir-birini necə tamamlayır?

- Alimlik və musiqiçilik fəaliyyətimi isə bir-birindən ayırmıram. Hərəsinin öz zamanı olur. Elə dövrlər olur ki, bütün diqqətimi elmi araşdırmalara yönəldirəm, elə vaxtlar da olur ki, yaradıcılıq əsas yer tutur.

Mənim həyatımda yaradıcılıq xüsusi əhəmiyyət daşıyır. Çünki həyata keçirdiyim layihələrin ideyasını da özüm hazırlayıram, onların təşkilini də özüm həyata keçirirəm. Bu baxımdan həm yaradıcı, həm təşkilatçı, həm də icraçı kimi fəaliyyət göstərirəm.

Düşünürəm ki, insanın müxtəlif sahələrdə özünü inkişaf etdirməsi onun imkanlarını daha da genişləndirir. Mən xarakter etibarilə zəhmətkeş insanam. Daim işləməyi, yaratmağı və öyrənməyi sevirəm. Bütün uğurlarımın əsasında da məhz bu xüsusiyyət dayanır.

- Musiqi ilə məşğul olmasaydınız, yenə də elm yolunu seçərdinizmi?

- Əgər musiqiçi olmasaydım, yenə də elm yolunu seçərdim. Uşaqlıqdan ən böyük arzum oxumaq, öyrənmək və daim öz üzərimdə işləmək olub. Təhsilin insanı zirvəyə aparan ən mühüm vasitə olduğuna həmişə inanmışam.

Bu gün də həm oğluma, həm tələbələrimə, həm də gənclərə eyni tövsiyəni edirəm: insan heç vaxt olduğu yerdə dayanmamalı, daim inkişaf etməli və qarşısına ən yüksək hədəfləri qoymalıdır. Həyat devizim də budur: "Ya gördüyün işi ən yaxşı şəkildə gör, ya da ümumiyyətlə o işə başlama".

Bununla belə, mənə yenidən seçim etmək imkanı verilsəydi, heç bir tərəddüd etmədən yenə də musiqini seçərdim. Çünki bu sənəti sonsuz dərəcədə sevirəm.

Düşünürəm ki, qazandığım uğurların əsas səbəbi də məhz bu sevgidir. Mən musiqiyə heç vaxt maddi qazanc mənbəyi kimi yanaşmamışam. Mənim üçün ən böyük mükafat gördüyüm işdən zövq almaq, yetişdirdiyim tələbələrin uğurunu görmək və bu sənət vasitəsilə Azərbaycanı dünyada layiqincə təmsil etməkdir.

- Elmi məqalələrdən və akademik titullardan kənarda Səidə Xəlilovanı ən yaxşı nə ifadə edir?

187490

- Mənim üçün elmi titullardan daha önəmli olan müəllimlik fəaliyyətimdir. Dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı tələbələrim var və biz hər zaman onların ən yüksək nəticələr əldə etməsi üçün çalışırıq. İnsanların mənə verdiyi ən böyük qiymət də məhz müəllim kimi fəaliyyətimlə bağlıdır.

- Musiqinin insanları birləşdirmək gücünü hansı hadisədə daha aydın hiss etmisiniz?

- Musiqinin insanları birləşdirmək gücünü ən çox Omanda işləməyə başladığım ilk illərdə hiss etmişəm. Həmin dövrdə Azərbaycan burada demək olar ki, tanınmırdı. Universitetdə dərs deyərkən dünya klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də tələbələrə dinlədirdim. Fikrət Əmirovun, Tofiq Quliyevin və digər bəstəkarlarımızın musiqilərini ifa edəndə onların reaksiyası məni çox duyğulandırırdı. Tələbələr musiqimizi böyük maraq və sevgi ilə qarşılayır, melodiyaların onlara çox yaxın olduğunu deyirdilər. Məhz bu musiqi vasitəsilə onlarda Azərbaycana maraq yaranmağa başlayırdı.

Bir müddət sonra maraqlı bir vəziyyət yaranmışdı. Tələbələr dinlədikləri bəzi klassik əsərlərin müəllifinin də azərbaycanlı bəstəkar olduğunu düşünürdülər. Mən isə gülümsəyərək bunun belə olmadığını izah edirdim. Bu, əslində Azərbaycan musiqisinin onların qəlbində necə dərin iz buraxdığının göstəricisi idi.

Bu gün də həmin proses davam edir. Yeni tələbələrim Azərbaycan musiqisi ilə tanış olduqdan sonra ölkəmiz haqqında daha çox məlumat toplamağa başlayırlar. Onların bir çoxu sonradan Azərbaycana səyahət etməyi planlaşdırır. Hətta tələbələrim arasında bal ayını Azərbaycanda keçirməyi seçənlər də olub. Məncə, bu sevginin formalaşmasında musiqinin rolu danılmazdır.

- Bugünkü tələbələrin üstün və zəif tərəfləri hansılardır?

- Azərbaycanlı tələbələrin inkişafını kənardan izləyirəm və deməliyəm ki, bugünkü gənclərimizin səviyyəsindən çox razıyam. Həqiqətən də təhsilinə ciddi yanaşan azərbaycanlı gənc harada oxumasından asılı olmayaraq seçilməyi bacarır.

Xüsusilə musiqi sahəsində çox istedadlı, zəhmətkeş və öz üzərində çalışan gənclərimiz yetişir. Bununla belə, hesab edirəm ki, əldə olunanlarla kifayətlənmək olmaz. Təhsil sistemi daim yenilənməli və beynəlxalq təcrübə ilə zənginləşdirilməlidir.

Mən tələbə və müəllim mübadilə proqramlarının daha da genişləndirilməsinin tərəfdarıyam. Tələbələr xarici universitetlərə göndərilməli, eyni zamanda müxtəlif ölkələrdən professorlar və mütəxəssislər Azərbaycan universitetlərinə dəvət olunmalıdır. Onlar heç olmasa bir semestr ərzində mühazirələr oxuyaraq öz bilik və təcrübələrini paylaşsalar, bu, ali təhsilin keyfiyyətinə ciddi töhfə verər. Bu istiqamət çox vacibdir.

- Omanda Azərbaycan haqqında dəyişən fikirlərlə qarşılaşmısınızmı?

187488

- Omanda təşkil etdiyimiz konsert və mədəni tədbirlərdən sonra Azərbaycan haqqında müsbət rəylərin daha da artdığını müşahidə edirəm. Tədbirlərimizin görüntüləri həftələrlə sosial şəbəkələrdə paylaşılır. Tələbələr, valideynlər və müxtəlif ölkələrdən olan iştirakçılar həmin konsertlər haqqında ardıcıl paylaşımlar edirlər. Demək olar ki, təşkil etdiyimiz hər tədbir Omanda geniş auditoriyaya çatır.

Ümumiyyətlə, Oman cəmiyyətində Azərbaycana münasibət çox müsbətdir. İnsanlar ölkəmizi və azərbaycanlıları böyük rəğbətlə qarşılayırlar. Buraya gəldiyim ilk illərlə müqayisədə bu gün Azərbaycan haqqında məlumatlılıq da, maraq da xeyli artıb.

- Azərbaycan musiqisini xarici auditoriyaya təqdim edərkən ən çox hansı əsərlər maraq doğurur?

- Azərbaycan musiqisini xarici auditoriyaya təqdim edərkən klassik bəstəkarlarımızın əsərləri hər zaman xüsusi maraq doğurur. Hazırladığım proqramlarda Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun və Tofiq Quliyevin əsərləri mütləq yer alır.

Tələbələr bu əsərləri yalnız konsert üçün öyrənmirlər. Onlar musiqinin məzmununu dərk etməyə, onu hiss edərək ifa etməyə çalışırlar. Hər konsertdən sonra valideynlər və tələbələr mənə yaxınlaşaraq növbəti proqramlarda da Azərbaycan bəstəkarlarının əsərlərinin səsləndirilməsini, övladlarının həmin əsərləri ifa etməsini xahiş edirlər. Bu, musiqimizə olan böyük marağın və sevginin ən gözəl göstəricisidir.

Eyni marağı Vaqif Mustafazadənin yaradıcılığına münasibətdə də müşahidə edirik. Demək olar ki, təşkil etdiyimiz hər tədbirdə onun əsərləri səslənir. Tələbələr bu musiqiləri böyük həvəslə öyrənir, yüksək peşəkarlıqla ifa edirlər. Onun yaradıcılığı həm gənc musiqiçilər, həm də dinləyicilər tərəfindən hər zaman böyük rəğbətlə qarşılanır.

Azərbaycan musiqisinin xarici auditoriya tərəfindən sevilməsi məni hər dəfə sevindirir. Bəstəkarlarımızın əsərləri texniki baxımdan kifayət qədər mürəkkəb olsa da, tələbələr onları böyük həvəslə öyrənir, saatlarla məşq edir və səhnədə səsləndirmək üçün xüsusi səy göstərirlər.

Azərbaycan musiqisinin dünyanın müxtəlif ölkələrində belə maraqla qarşılanması mənim üçün təkcə peşəkar uğur deyil, həm də uzun illərin zəhmətinin bəhrəsidir. Həyat yoluma nəzər salanda görürəm ki, qazandığım hər uğurun arxasında müəyyən çətinliklər dayanıb. Mən heç vaxt asan yolla nəyəsə nail olmamışam. Düşünürəm ki, insanı formalaşdıran məhz qarşılaşdığı sınaqlardır.

Mən Allaha çox bağlı insanam və həyatım boyu Onun dəstəyini hiss etmişəm. Hər dəfə çətinliklə üzləşəndə elə bilmişəm ki, artıq çıxış yolu yoxdur. Ancaq zaman keçdikcə başa düşmüşəm ki, həmin sınaqlar məni daha böyük uğurlara hazırlayırmış.

- Uğurlarınızdan çox hansı çətinliklər sizi formalaşdırıb?

187487

- Bəzən insan rahat olduğu yerdə qalmaq istəyir. Amma həyat onu inkişaf etdirmək üçün yeni sınaqlarla qarşılaşdırır. Mən də hər dəfə bu çətinlikləri aşaraq daha da güclənmişəm. Bu gün əldə etdiyim bütün uğurlara görə həmin sınaqlara minnətdaram. Çünki məni formalaşdıran məhz onlar olub.

Heç vaxt keçmişimə baxıb peşman olmamışam. Həyatımda baş verən hər hadisənin məni bugünkü nöqtəyə gətirdiyinə inanıram. Əgər həmin çətinliklər olmasaydı, bəlkə də bu qədər inkişaf edə bilməzdim.Hesab edirəm ki, insan qarşılaşdığı çətinliyi son kimi yox, yeni başlanğıc kimi qəbul etməlidir. Çalışmaqdan heç vaxt vaz keçməmək lazımdır. Ən böyük uğur da məhz zəhmətin nəticəsidir. Bu gün olduğum yerdən razıyam və bütün yaşadıqlarımı həyat məktəbi hesab edirəm.

Bu uğurlarımın əsasında isə Azərbaycanda aldığım təhsil dayanır. Mən müəllimlərimə sonsuz minnətdaram. Məhz onların verdiyi bilik, metodika və peşəkarlıq sayəsində burada tanındım, fəaliyyətim yüksək qiymətləndirildi və Azərbaycanı layiqincə təmsil edə bildim.

Mən təkcə musiqi sahəsində deyil, Omanın ictimai və diplomatik mühitində də Azərbaycanın nümayəndəsi kimi tanınıram. Müxtəlif ölkələrin səfirliklərinin təşkil etdiyi rəsmi tədbirlərə mütəmadi dəvət alıram və həmin tədbirlərdə ölkəmi təmsil etməkdən böyük qürur duyuram.

- Bu gün Azərbaycan universitetləri xaricdə çalışan alimləri kifayət qədər cəlb edə bilirmi?

- Bu istiqamətdə daha fəal olmaq lazımdır. Dünyanın aparıcı universitetlərinin reytinqinə baxdıqda görürük ki, onların uğurunda beynəlxalq professor-müəllim heyətinin xüsusi payı var. Mən düşünürəm ki, Azərbaycan universitetləri də xaricdə çalışan alimləri və nüfuzlu professorları daha fəal şəkildə əməkdaşlığa cəlb etməlidir. Müxtəlif ölkələrdə təhsil almış və beynəlxalq təcrübə qazanmış mütəxəssislərin universitetlərimizdə fəaliyyət göstərməsi həm elmi mühitin inkişafına, həm də ali məktəblərimizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsinə mühüm töhfə verə bilər.

Hesab edirəm ki, Azərbaycan universitetləri beynəlxalq akademik əməkdaşlığı daha da genişləndirməlidir. Məsələn, hər universitet hər il və ya iki ildən bir müxtəlif ölkələrdən ən azı bir neçə alim dəvət edərək onların mühazirələr oxumasına, tələbələrlə təcrübələrini bölüşməsinə şərait yarada bilər. Bu, həm müəllimlər, həm də tələbələr üçün çox faydalı olar.

- Xaricdə yaşayan alimlərimizin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Xaricdə yaşayan azərbaycanlı alimlərin fəaliyyətini böyük qürur hissi ilə izləyirəm. Biz mütəmadi olaraq müxtəlif beynəlxalq tədbirlərdə görüşür, fikir mübadiləsi aparırıq. Dünya Azərbaycan Alimlərinin Forumu, eləcə də müxtəlif ölkələrdə keçirilən mədəniyyət tədbirləri bu baxımdan mühüm platformalardır.

Dünyanın müxtəlif universitetlərində çalışan azərbaycanlı alimlər çox böyük işlər görürlər. Mən onların hər biri ilə fəxr edirəm. Düşünürəm ki, Azərbaycan mediası belə alimləri daha çox tanıtmalıdır. Çünki onların uğur hekayələri gənclər üçün güclü motivasiya mənbəyidir.

Gənclər görməlidirlər ki, azərbaycanlı alimlər dünyanın nüfuzlu universitetlərində çalışır, həm özlərini, həm ailələrini, həm də ölkələrini layiqincə təmsil edirlər. Bu nümunələr onlara böyük hədəflər qoymağa və öz üzərlərində daha çox çalışmağa stimul verəcək.

Mən həmin alimlərin fəaliyyəti ilə yaxından maraqlanıram, sosial şəbəkələrdə onları izləyirəm və hər uğurlarına ürəkdən sevinirəm. Hesab edirəm ki, Azərbaycanın elm və təhsil sahəsində qürur duyacağı çox sayda görkəmli siması var və onların fəaliyyəti daha geniş auditoriyaya çatdırılmalıdır.

- Gələcək fəaliyyətinizlə bağlı hansı hədəfləriniz var?

- Mənim ideyalarım heç vaxt tükənmir. Hər konsert və layihədən sonra düşünürəm ki, artıq bir qədər dincələcəyəm. Lakin tədbir uğurla başa çatan kimi beynimdə yeni layihələr formalaşmağa başlayır.
Yaratmaq mənim həyat tərzimdir. Oğlum bəzən mənə dincəlməyi məsləhət görür. Amma mən həmişə deyirəm ki, məni yaşadan məhz yaratmaqdır. Allah mənə sağlamlıq və ömür verdiyi müddətdə fəaliyyətimi dayandırmaq fikrim yoxdur.

Əsas məqsədim yaratdığım musiqi məktəbini daha da inkişaf etdirmək, daha geniş beynəlxalq layihələr həyata keçirmək və Azərbaycan musiqisini dünyada daha geniş auditoriyaya tanıtmaqdır. İstəyirəm ki, hər il daha yüksək səviyyəli konsertlər təşkil edək, daha çox ölkədən qonaqlar qəbul edək və Azərbaycan mədəniyyətini daha geniş miqyasda təqdim edək.

Bununla yanaşı, uzun illər ərzində formalaşdırdığım tədris metodikası əsasında kitab hazırlamaq üzərində işləyirəm. Arzum budur ki, bu metodika kitab şəklində nəşr olunsun və məndən sonra da yaratdığım məktəbin inkişafına xidmət etsin. Bu, gələcək üçün ən böyük hədəflərimdən biridir.

SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı
Son xəbərlərDaha çox