Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 09:44:04
“Brend tələbə” dən abituriyentlərə: “Qəbul xətrinə ixtisas seçməyin!”

“Abituriyentlər bilik və bacarıqlarını, gələcək karyeralarını düşünüb ixtisas seçimi etməlidirlər”.

 

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək göstəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərlə bölüşməsidir.

 

Saytımızın büdəfəki müsahibi Qərbi Kaspi Universitetinin tələbəsi İbrahim İbrahimlidir.

 

O qeyd edib: “Düşünürəm ki, aktual mövzulardan birinə toxundunuz. Nəzərə alsaq ki, imtahan insanlarda gərginlik, qorxu hisləri yaradır. Buna görə də ilk növbədə qorxunun, həyəcanın öhdəsindən gəlmək, daha sonra isə illər ərzində qazandığın təhsili test nəticələrində tam olaraq əks etdirmək lazımdır. İmtahanda yaxşı nəticə əldə etmək üçün bəzi nüanslara diqqət yetirilməlidir: - İmtahan üçün nəzərdə tutulmuş proqramı il ərzində mənimsəmək, mövzuları təkrarlamaq üçün plan tərtib edib, müəyyən bir mövzunun təkrarlanmasına neçə günün ayrılacağını dəqiqləşdirmək, çətin mövzulara diqqət yetirmək ; - Öyrəndiklərinizi xatırlaya bilmək üçün mövzulardakı vacib məqamları bir kənara qeyd etmək, əzbərləməyə deyil, başa düşməyə üstünlük vermək; - Yuxu rejiminə və istirahətə vaxt ayırmaq; İmtahanda ən vacib məqam vaxtın səmərəli istifadə edilməsidir.

 

Bunun üçün ilk olaraq, daha yaxşı mənimsənilən fənn üzrə testlərin həllinə başlamaq, bütün sualları nəzərdən keçirib, əmin olduğunuz testləri qeyd edib, daha sonra digər fənlərə eyni ardıcıllıqla diqqət yetirmək lazımdır. Çünki çətin suala doğru cavab verməyiniz deyil, daha çox suala doğru cavab verməyiniz yüksək nəticə qazandırır. Ona görə vaxtdan səmərəli istifadə etmək böyük əhəmiyyət kəsb edir.

 

“Brend tələbə” onu da əlavə edib ki, müsabiqədə iştirak hüququ qazanan abituriyentlər üçün digər vacib məqam düzgün ixtisas seçimidir:

 

“Belə bir yanaşma var ki, nəticə yüksəkdirsə, istənilən seçimi etmək olar, statistik məlumatlardan, plan yerlərdən xəbərdar olmadan seçim edilir və nəticə heç də həmişə yaxşı olmur. İxtisasların bala uyğun olub-olmaması, ixtisasın prespektivi nəzərə alınmalıdır. Abituriyentlər bilik və bacarıqlarını, gələcək karyeralarını düşünüb ixtisas seçimi etməlidirlər, ali məktəblərə qəbul olunmaq xətrinə ixtisas seçimi etmək doğru yanaşma deyil. Yaxşı olar ki valideynlər də abituriyentlərə ixtisas seçimi zamanı təzyiq və təsir göstərməsinlər”.