Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-08 15:22:00
Bugünkü imtahan! - Hansı fənlərin sualları çətin olub?CAVAB REPORTAJDA 

 

Dövlət İmtahan Mərkəzi (DİM) 8 iyul tarixində 3-cü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbulun ikinci cəhd imtahanını keçirib.

 

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunub.

 

İmtahan keçirilən şəhər və rayonlarda 76 imtahan binası, 1387 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 76 ümumi imtahan rəhbəri, 229 imtahan rəhbəri, 1733 nəzarətçi–müəllim, 236 buraxılış rejimi əməkdaşı, 76 bina nümayəndəsi ayrılıb.

İmtahanda 18623 abituriyentin iştirakı nəzərdə tutulub.

AzEdu.az saytının əməkdaşı DİM-in icazəsilə növbəti dəfə imtahanları müşahidə edib.

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhərindəki 55 nömrəli məktəbdə olduq.

 

 

Qeyd edək ki, imtahana gələn şagirdlərin üst-başı ciddi şəkildə yoxlanılırdı. Oğlan şagirdləri DİM tərəfindən imtahana cəlb edilən kişi nəzarətçilər, qız şagirdləri isə xüsusi kabinədə qadın nəzarətçilər yoxlayıb içəri buraxırdılar. Yoxlanışda şagirdlərə telefon, saat kimi vasitələri içəri keçirməyə icazə verilmirdi.

 

 

 

İmtahana gələn valideynlərin də, şagirdlərin də əksəriyyətində həyəcan hiss olunurdu. İmtahan öncəsi bir neçə abituriyentlə söhbətləşdik. Hamısı birinci imtahana nisbətən budəfəkinin asan olacağını gözləyirdi. 

 

Abituriyent Teyyublu Nərgiz məktəbin önündə imtahana giriş vaxtını gözləyərkən hələ də tarix kitabı oxuyaraq, bildiklərini təkrar edirdi. O, bildirdi ki, ötən imtahanda tarixdən zəif yazdığı üçün bu dəfə yaxşı hazırlaşıb:

 

"244 nömrəli məktəbin 11-ci sinif şagirdiyəm. Buraxılışdan 216, birinci blok imtahanından 265 olmaqla ümumilikdə 481 bal toplamışam. Birinci imtahanda Azərbaycan dili fənnindən mətn, situasiya tipli və tarix fənni suallarında çətinlik çəkmişdim. Düşünürəm ki, tarix fənni üzrə biliklərimi təkmilləşdirmişəm. Bu imtahanın daha  asan olacağı qənaətindəyəm. Beləliklə, istədiyim ixtisasın keçid balını toplaya biləcəyəm. Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisası üzrə təhsil almaq istəyirəm".

 

 

Növbəti müsahibimiz Kənan Cəfərov adlı abituriyent oldu. O, jurnalist olmaq istədiyini və buna görə var gücü ilə çalışdığını dilə gətirdi:

 

"Novxanı 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Birinci blok imtahanında tarix fənni suallarında bir az çətinlik çəkmişdim. Buraxılışdan 134 , birinci blok imtahanından isə 231 olmaqla ümumilikdə 365 bal toplamışam. Jurnalistika ixtisası üzrə təhsil almaq istəyirəm. Məktəb müəllimlərimlə çox hazırlaşmışam. Ümid edirəm, 300 bal toplaya biləcəm".

 

 

Nəhayət imtahan başa çatdı...

 

 

Binadan çıxan şagirdlərin demək olar ki, hamısı imtahanın rahat keçdiyini söyləyirdilər.

 

 

İmtahandan saat 12:00-da ilk çıxan abituriyent Səid Novruzov oldu. 192 saylı məktəbin 11-ci sinif şagirdi bildirdi ki, əsas ədəbiyyat fənnində çətinlik çəkib:

 

"Bu dəfə tarix çox asan idi, azərbaycan dili orta səviyyədə, bir az ədəbiyyat mənə çətin gəldi. Buraxılışdan 215.9, birinci blok imtahanından isə 332.,9 bal toplamışdım. Bu imtahandan isə 300 civarı nəticə gözləyirəm. Hüquq fakültəsində təhsil almaq istəyirəm".

Digər müsahibimiz abituriyent Günel Abbasquliyeva isə sualların səviyyəsinin standartlara uyğun gəldiyini, sürüşdürmə etdiyi üçün balını aşağı gözlədiyini vurğuladı:

 

"İmtahan yaxşı keçdi, sadəcə Azərbaycan dilində bir az çətinliyim oldu. Tarix isə keçən dəfəkinə nisbətən asan düşmüşdü. Buraxılışdan 240, birinci blok imtahanından isə 326 bal yığımışdım. Bu dəfə sürüşdürmə etmişəm ona görə nəticəmi daha az gözləyirəm. Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisası üzrə təhsil almaq istəyirəm".

 

Məlumat üçün bildirək ki, imtahan keçirilən məkəbə təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin yanğınsondürən əməkdaşı da cəlb olunmuşdu.

Həkim imtahan zamanı hər hansı tibbi müdaxiləyə etiyac olmadığını diqqətə çatdırdı:

 

“Növbə zamanı heç bir müraciət olmadı. İmtahandan önc, proses zamanı da şikayət daxil olmadı. Hər şey qaydasında idi”.

 

 

Sonda ümumi imtahan rəhbəri Yaqub Nağıyevdən məlumat aldıq. O bəyan etdi ki, imtahan prosesi problemsiz keçib:

 

"Bu gün III qrup üzrə blok imtahanlarının ikinci cəhdi keçirilir.  55 nömrəli orta məktəbdə 132-i qız, 36 oğlan olmaqla 168 şagirdin iştirakı gözlənilirdi, onlardan 2 nəfər xanım iştirakçı gəlmədi. Onların da hansı səbəbdən imtahanda iştirak etməməsi bizə məlum deyil. İmtahan nəzərdə tutulan vaxtda - 10:00-da başladı. Hər şey qaydasında irəlilədi. Nəzərdə tutulmuş vaxta da, yəni 13:00-da bitdi".

 

Ümumilikdə həmsöhbət olduğumuz abituriyentlərin fikirlərindən belə nəticəyə gəldik ki, imtahan sualları orta səviyyədə olub, nisbətən tarix fənninin suallarında çətinik yaşanıb. İmtahan prosesi qaydalara uğun şəkildə keçib.

 

Beləcə, 55 saylı məktəbəki müşahidələrimizi yekunlaşdırdıq.

 

Fotolar: Firuzə Əliyeva