Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:07:00
60 bal yığan müəllim:  “...Kitabları görsəniz, dəhşətə gələrsiniz”  

 

İyunun 20-də sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günü başa çatıb.

 

Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.

 

Respublika üzrə ilk günün ən yüksək nəticəsi 60 bal olub.

 

AzEdu.az xəbər verir ki, bu nəticənin əldə edən iki şəxsdən biri Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd orta məktəbinin müəllimi  Flora Dünyamalıyevadır.

 

AzEdu.az Flora müəllimə ilə əlaqə saxlayaraq, imtahan prosesi ilə bağlı onun münasibətini öyrənib:

 

 

-İmtahan haqqında təəssüratlarınız nələrdir?

 

-İmtahan çox gözəl təşkil olunmuşdu, rahat idi. Bəzi müəllimlər vardı ki, kompüterlə, kalkulyatorla istifadə qaydasını bilmirdilər. Nəzarətçilər də kompüterlə bağlı çətinlik olanda kömək edirdilər. Xüsusən  həkimləri qeyd etmək istəyirəm. İmtahan vaxtı təzyiqim qalxmışdı, həkimlər anında operativ müdaxilə etdilər. Təzyiqimi ölçdülər, dilaltı dərman verdilər, hətta birini də imtahan zamanı lazım olar deyə yanıma qoydular.

 

-60 bal toplayacağınızı  gözləyirdiniz?

 

-60 bal toplamağı yox, 51-i keçməyi hədəfləmişdim. Mənim oxuduğum kitabları görsəniz, dəhşətə gələrsiniz.

 

 

-Bəs yüksək bal toplamaqda əsas məqsədiniz nə idi, maaş artımı, yoxsa...?

 

-Əlbəttə, hamı istər ki, maaşı artsın, maddi rihafı yaxşı olsun. Lakin , ümumiyyətlə, mənim təhsilə olan böyük hörmətim və inamım məni imtahana ciddi hazırlaşmağa və məsuliyyətli olmağa sövq edib.  Bəzən cavan müəllimlər görürdüm ki, imtahanqabağı elə də hazırlaşmırdılar. Mən onlara da deyirdim ki, istəyirsinizsə, maaşınız artsın, hazırlaşmalısınız.

 

 

-Necə hazırlaşırdınız imtahana?

 

-Mən orta məktəbi əla qiymətlərlə, universiteti də qırmızı diplomla bitirmişəm. Ən çox təşəkkür mənim Salyanda ibtidai müəllimlərimə düşür. Baxmayaraq ki, 30 ildir, məktəbi bitirmişəm, onları xatırlayıram. Mənim riyaziyyatı bu gün bu səviyyədə bilməyim onların zəhmətidir. Məktəbin rolu insanın həyatında əvəzolunmazdır. Gedib sonradan magistratura, doktotrantura təhsili də alsan, bünövrə məktəbdə qoyulur. Ümumilikdə, Son bir ayı ciddi hazırlaşırdım. Çox şükür əziyyətim yerdə qalmadı. Eyni zamanda, bir az şans da kömək etdi deyə bilərəm.

 

 

-Müsahibədən də 40 bal toplayaraq maksimal nəticə olan 100 balı əldə etməyi planlayırsınız?

 

-Hədəfimdə heç zaman ən yüksək bal toplamaq olmayıb. O qismətdir, həyatımızda daha vacib şeylər də var. Kifayət qədər yaşım olsa da, özümü çox yaşlı saymıram. Kifayət qədər yaşı olan biri üçün 100 bal toplamaq mənim üçün elə də vacib deyil. Mən sadəcə istəyirəm ki, yaxşı bir müəllim olum. Şagirdlərimin qarşısına yüksək səviyyəli bir müəllim kimi çıxmağa çalışıram. Düşünürəm ki, müəllim özü yüksək səviyyədə olmalıdır ki, şagirdinə də elmi peşəkarcasına aşılaya bilsin. Mən nümunəvi olmalıyam ki, şagirdim də baxıb, məni örnək ala bilsin. Mən də həmişə öz müəllimlərimə oxşamağa çalışmışam.

 

Son olaraq imtahanda iştirak edəcək müəllimlərə yüksək nəticə əldə etmələri üçün tövsiyələriniz nələrdir?

 

Öncəliklə vurğulamaq istəyirəm ki, müəllimlər həyəcan keçirməsinlər. Əsas yaxşı hazırlaşsınlar, özlərinə güvənsinlər. Bilən üçün imtahan su içimi kimi asan idi.