Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 18:19:00
II qrupda ən yüksək bal toplayan abituriyent: “ABŞ-ın 5 universitetindən qəbul dəvəti almışam”

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20 və 21 may tarixlərində keçirilən II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri bu gün açıqlanıb.

 

20 və 21 may tarixli qəbul imtahanlarından ən yüksək nəticə göstərən abituriyent naxçıvanlı məzun Mikayıl Cəfərlidir.

 

AzEdu.az xəbər verir ki, Naxçıvan MR Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu imtahanda II ixtisas qrupu üzrə 394.0 bal toplayıb.

Qeyd edək ki, Mikayıl 12 mart tarixində keçirilən buraxılış imtahanından da 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəyə nail olmuşdu.

O, hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə - 690.7 bal toplayıb.

Mikayıl Cəfərli gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini AzEdu.az-la bölüşüb. 

 

“Mən 2007-ci il aprelin 18- də Şərur rayonu Kürçülü kəndində anadan olmuşam. Təhsil illərində müəyyən uğurlara imza atmışam. Belə ki, 9-cu sinif buraxılış imtahanından 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni göstərmişəm. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası fənn olimpiadalarında tarix üzrə 2-ci yerin qalibi olmuş, 2022-ci ildə keçirilən fənn olimpiadalarının final turunda iştirak edərək tarixdən gümüş medala layiq görülmüşəm. Elə həmin ildə keçirilən digər olimpiadada coğrafiya fənni üzrə özümü sınayıb 1-ci yerin qalibi olmuşam. Digər bir uğurum isə 11-ci sinif buraxılış imtahanından 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticə əldə etməyimdir. İmtahanda riyaziyyat və ingilis dilindən 100 bal, Azərbaycan dilindən isə 97 bal topladım”. 

 

Abituriyent, məqsədinin xaricdə təhsil almaq olduğunu vurğulayıb:

 

“Azərbaycanda təhsilimə davam etmək qərarına gəlsəm, seçimim ya Azərbaycan Dövlət İqtisad Universiteti, ya da Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi ixtisası olar. Təhsilimi xaricdə davam etmək istəyirəm, bunun üçün İELTS və CELT imtahanlarında iştirak etmişəm. Bu imtahanlardan yüksək nəticə göstərərək Amerika Birləşmiş Ştatlarının 5 universitetindən qəbul dəvəti almışam. Lakin, maliyyə problemlərim var. Eyni zamanda, Türkiyə universitetlərinə də müraciət etmişəm. Əgər xarici dövlətdə oxuma şansım olsa, Azərbaycandakı təhsilimdən imtina etməyə hazıram”.

 

 M.Cəfərli öz tövsiyələrini yaşıdları ilə bölüşüb:

 

“Yaşıdlarıma tövsiyə edirəm ki, təhsil aldıqları müddətdə dünyagörüşlərini artıraraq, təhsili daha dərindən mənimsəməyə çalışsınlar. Çünki Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib edilən suallarda təkcə savad deyil, dünyagörüş də yoxlanır”.

 

Abituriyent sonda imtahan vermiş bütün şagirdlərə uğurlar arzu edib:

 

“Mənimlə bərəbər imtahan verən bütün abituriyentlərə uğur arzu edirəm. Ümid edirəm ki, yüksək nəticə göstərərək istədikləri ali məktəblərə qəbul olunarlar”.