Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 12:23:00
Ekspert peşə məktəblərinə dair proqnozdan danışdı: “İnkişaf olmayacaqsa...”

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulur. 2026-cı ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq. Yəni təqribən tələbə sayı 28 minə çatacaq”.

 

Bu sözləri Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov deyib. Görünən məqam ondan ibarətdir ki, peşə təhsili məktəblərinə tələbə cəlb etmək üçün təhsil keyfiyyəti yaxşılaşdırılacaq və daha innovativ ixtisaslar tədris olunacaq.

 

Sözügedən 50% artım peşə təhsilli məktəblərinin təhsil keyfiyyətinin artması, yoxsa şagirdlərin orta məktəblərdə təhsildən uzaqlaşması və minimum balla daxil ola biləcəyi məktəbin peşə məktəbləri olması ilə əlaqədardır?

 

Sualımıza cavab tapmaq üçün təhsil eksperti Adil Vəliyevə müraciət etdik.

AzEdu.az-a açıqlamasında ekspert bildirdi ki, təhsil sahəsində müəyyən müsbət dəyişikliklər olmayacağı təqdirdə, imtahanlarda kəsilən uşaqların sayı çox olacaq və onların da peşə məktəblərinə müraciət edəcəyi istisna deyil.

 

“Ceyhun müəllimin deməyindən iki fikrə gəlmək olar: birincisi budur ki, əgər təhsil sahəsində müəyyən müsbət dəyişikliklər olmasa, o zaman imtahanlarda kəsilən uşaqların sayı çox olacaq. Bu da o deməkdir ki, peşə məktəblərinə, kolleclərə üz tutanların sayı artacaq və bu faiz artımında da özünü göstərəcək”.

 

Müsahibimiz peşə təhsilinin keyfiyyətinin yüksəldilməsini təhsil proqramının təkmilləşdirilməsi, dövrün tələbinə uyğun innovativ ixtisasların əlavə edilməsi və tədrisə peşəkar müəllimlərin cəlb olunmasında görür.

 

“Hazırda peşə təhsili sahəsində müəyyən inkişaf görünür. Əgər təhsil proqramı təkmilləşdirilsə, innovativ ixtisaslar əlavə edilib peşəkar müəllimlər cəlb olunsa, o zaman valideynlər də övladının əmək bazarına uyğun olmayan bir ixtisasda təhsil almasındansa, peşəyə yiyələnməsinə üstünlük verər”.

 

A.Vəliyev az sayda peşə məktəbində inkişaf olduğunu, digərlərində isə elə də nəzərə çarpacaq yeniliklər olmadığını vurğulayıb:

 

“Peşə təhsili verən məktəblərə diqqət etdikdə görürük ki, sadəcə bir neçəsində müəyyən ixtisaslar var ki, onlar əmək bazarına daha uyğundu. Ümumiyyətlə, sayılı peşə məlktəbində yeniliklər müşahidə edirik. Digərlərində isə nəzərə çarpacaq inkişaf yoxdur. Ümid edirəm ki, bunların hamısı aradan qalxar. Biz də valideynlərə tövsiyə verərkən daha rahat şəkildə hansı peşəni seçə biləcəyini deyə bilərik”.