Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 16:28:59
Fövqəladə hallara hazırlıqla bağlı təlim keçirilib

Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin (FHN) birgə təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhəri 113 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, ətdbirdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, FHN-in İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Məhbubə Mustafayeva, Əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin rəisi Samir Rzalı iştirak edib.

 

FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanmasınmasından ibarətdir.

 

Tədbir nəzəri və praktiki hissədən ibarət olub.

 

FHN-in əməkdaşları nəzəri hissədə təlim iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarx nümayiş etdiriblər.

 

Sonra təlimin praktiki hissəsinə start verilib.

 

Tədbirdə şərti yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, yanğınla mübarizə tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə ilkin yardım göstərilib.

Məktəblilər təlimdə həvəslə iştirak edib, fövqəladə hallarda davranış qaydaları ilə bağlı real hərəkətləri yerinə yetiriblər.

Qeyd edək ki, silsilə tədbirlər "Məktəblinin dostu" layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən layihənin tətbiq olunduğu məktəblərdə mütəmadi təşkil olunur.