Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 14:45:00
Bu ibtidai sinif müəllimləri işdən çıxarılacaq - XƏBƏRDARLIQ

Ötən il il Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrinin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı vermişdi.

 

AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən aldığı məlumata əsasən, onlardan 2803 ibtidai sinif müəllimi sertifikasiyadan uğursuz nəticə əldə edib.

Və bu il həmin müəllimlər yenidən sertifikasiya imtahanında iştirak edəcək.

Qeyd edək sabahdan - aprelin 1-dən  Bakı şəhəri,  Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə start verilir. Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə - keçən il kəsilən ibtidai sinif müəllimlərinə dəstək məqsədilə keçirilir. 

48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müəllimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq. 

 

Elm və Təhsil Nazirliyindən saytımıza bildirilib ki, təkrar sertifikatlaşdırmadan da uğursuz nəticə göstərən ibtidai sinif müəllimlərinin əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
 

Qeyd edək ki, bu ilin yayında ölkə üzrə sertifikasiyadan keçməyən ibtidai sinif müəllimləri ilə yanaşı, Azərbaycan dili və ədəbiyyatı müəllimləri də prosesə cəlb olunacaq.