Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 08:49:41
Güllələnən deputatdan ilk açıqlama: “Çox qan itirmişdim”

Ötən axşam terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını verib.

AzEdu.az xəbər verir ki, deputat "Haqqın.az"ın rəhbəri Eynulla Fətullayevlə söhbət zamanı bunları deyib: 

"Maşını evə qədər sürdüm. Sonra onu qaraja daxil etmək istədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss elədim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki güllə səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım".

Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq təcili yardım və hüquq-mühafizə orqanlarına məlumat veriblər:

"Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram".

Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə deyib:

“Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiynindən və ayağından yaralanan deputata ilk olaraq Kliniki Tibbi Mərkəzdə həkim müdaxiləsi edilib.

Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Dövlət Təhlükəsizlik Xidməti hadisəni terror aktı adlandırıb.