Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-26 22:41:47
Universitetlərə qəbul planının artırılması hansı tədqiqatlara əsaslanır? - Pedaqoqun sualları var

 

Ali məktəblərə tələbə qəbulu planı əmək bazarının inkişaf perspektivləri ilə əlaqəlidir. Sovet dönəmində planlı iqtisadiyyat olduğu üçün bu işi planlaşdırmaq və proqnozlaşdırmaq mümkün idi. Müstəqillik illərində, bazar münasibətləri şəraitində bu sahədə ciddi problemlər yarandı. Məsələn, ölkədə pedaqoji kadrlara heç bir ehtiyac olmadığı halda 12 il əvvəl Azərbaycan Müəllimlər İnstitutu və onun 12 filialının açılması buna bariz nümunədir, bu addımın təhsil sisteminə vurduğu zərbə, hələ uzun illər özünü göstərəcəkdir.

AzEdu.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kompüter elmləri kafedrasının dosenti İlham Əhmədov bildirib.

Onun sözlərinə görə, yaxın illərdə universitetlərə tələbə qəbulu planının 75000-ə çatdırılması zərurəti hansı tədqiqatlara əsaslanır, məlum deyil:

“İqtisadiyyatımızın strukturu bu kadrların məşğulluğunu təmin edə biləcəkmi? Bu plan ixtisaslar və universitetlər arasında hansısa reallığa əsaslanaraq bölünəcək, yoxsa kortəbii bölünəcək? Hansı yeni ixtisaslar açılacaq və buna hazırlıq işləri aparılıbmı? Universitetlərin maddi texniki və kadr resursları bu plan artımını qarşılamağa hazırdımı?

Əmək bazarının real vəziyyəti və inkişaf proqnozu, ali təhsil xidmətləri bazarının tədqiqi və inkişaf perspektivləri, sahələr üzrə mütəxəssislərə olan təlabatın proqnozlaşdırılması və s. problemlər təhsildə marketinq tədqiqatlarının aparılmasına ciddi ehtiyacın olduğunu göstərir. Bu günə qədər təhsildə marketiq taparılmaması səbəbi ilə bu qədər cavabsız suallar yaranır. Elm və Təhsil Nazirliyi bu barədə nə düşünür?