Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-24 16:22:00
Bakı məktəbliləri Özbəkistanda olub

Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsi ilə birgə həyata keçirdiyi OCEP layihəsi çərçivəsində Bakı şəhər 53 nömrəli orta məktəbin müəllim və istedadlı şagirdlərindən ibarət nümayəndə heyəti Özbəkistana gedib. Layihəyə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycandakı Özbəkistan səfirliyi xüsusi dəstək göstərir.


AzEdu.az xəbər verir ki, səfər çərçivəsində məktəbin nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.


Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla qonaqlara Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq münasibətləri və mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib.

 


Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzində açılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, habelə Heydər Əliyev, Azərbaycan tarixi və Xalça muzeyləri ilə tanış olublar.

 


Bakı şəhər 53 nömrəli orta məktəbin direktoru Tünzalə Zeynalova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirən xalça-portreti Azərbaycan Mədəniyyət Mərkəzinə bağışlayıb. Eyni zamanda Mərkəzin direktoru Samir Abbasov 53 nömrəli məktəbdə yaradılmış Özbəkistanla bağlı guşəyə XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın şeirlərinin özbək dilində nəşrini hədiyyə edib.

 


Daha sonra Mədəniyyət Mərkəzinin konfrans zalında 53 nömrəli tam orta məktəbin istedadlı şagirdlərinin hazırladığı bədii proqram təqdim edilib. Şagirdlər milli rəqslərimizi ifa edib, fortepianoda Azərbaycan və Özbəkistanın dövlət himnlərini, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

 


Məktəbin direktoru Tünzalə Zeynalova və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən adət-ənənələr, ortaq mədəniyyət və dəyərlərdən söz açıb, gələcəkdə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir və təkliflərini bölüşüblər.

 


Qeyd edək ki, səfər çərçivəsində Bakı şəhər 53 nömrəli orta məktəbin nümayəndə heyəti Daşkənd şəhərindəki Prezident Məktəbində olacaq, 53 nömrəli orta məktəblə Özbəkistanın Əl Biruni adına Beynəlxalq orta məktəbi arasında qardaşlaşmış məktəblər haqqında müqavilə imzalanacaq.