Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-20 16:26:24
ADU və ADNSU-dan tələbələrin qalmaqallı rəqsinə dair AÇIQLAMA - VİDEO  

Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələrinin Novruz bayramı şənliyində cinayətkar aləmi tərənnüm edən mahnıya rəqs etməsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə hər iki universitet tələbələrin bu hərəkətinə görə kütləvi şəkildə kəskin tənqidlərə məruz qalıb.

AzEdu.az xəbər verir ki, tələbələrin sosial şəbəkələrdə yayılan videogörüntüsü ilə bağlı ADU-nun rektoru Kamal Abdulla və ADNSU-nun departament direktoru Bəhruz Nəzərov “Xəzər” TV-nin "Xəbər Ertəsi" verilinə danışıblar.

"O mahnı yarım dəqiqə səsləndirilib. Oradakı tələbələr də həmin mahnının musiqisinə rəqs ediblər", - deyə ADU rektor Kamal Abdulla bildirib. O, tələbələrin həmin mahnının sözlərindən təsirlənərək rəqs etdiyinə inanmadığını vurğulayıb və hazırda bununla bağlı araşdırma aparıldığını söyləyib.

Bəhruz Nəzərov da ADNSU tələbələrinin musiqi zövqündən təəssüfləndiyinini qeyd edib. O, universitetdə bununla bağlı artıq görüşlər keçirildiyini, təşkilatçılıqla bağlı müvafiq şəxslərə xəbərdarlıq olunduğunu deyib.

Xatırladaq ki, adı çəkilən bu iki universitetin həyətində təşkil olunmuş Novruz şənliyində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilib və tələbələr də hamısı bir ağızdan o mahnının sözlərini ifa edərək oynayıblar. Bu olay təhsil ictimaiyyətində birmənalı qarşılanmayıb.