Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-18 12:30:21
Şəhid adının paklığını qorumalıyıq – Deputat çağırış etdi

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadənin məzar daşının fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Məzar daşına “şəhid” sözünün yazılması birmənalı qarşılanmayıb.

 

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, dinimizə və bəzi alimlərin fikirlərinə əsasən, belə hadisələr zamanı həyatını itirənlər şəhid sayılır.


"Yəni bu cür fikirlər mövcuddur. Ancaq ölkəmizdə şəhid statusu fərqli formada işləndiyinə və Vətən müharibəsində həyatını itirən əsgərlərimizə şəhid dediyimizə görə belə məsələlərdə diqqətli olmalıyıq. Ümumiyyətlə, biz anlayışları qarışdırmamalıyıq. Şəhid əslində Vətənin müdafiəsi, qorunması uğrundan canını fəda edən şəxslərə deyilir. Biz şəhid adının təmizliyini, paklığını qorumalıyıq",- deyə deputat bildirib.

 

 

C.Məmmədov vurğulayıb ki, şəhid ifadəsini işlədərkən ehtiyyatlı olmalıyıq: "Çünki biz bu ifadəni Vətən uğrunda canından keçənləri yad etdikdə söyləyirik. Bu məsələlərə çox diqqətlə yanaşaq. Əlbəttə, tələbəmizin həyatını itirməsi ailəsi üçün ağır itkidir. Türkiyədə zəlzələ zamanı vətəndaşlarımız həyatını itirdi. Bu, həm bizim, həm də onların ailə və doğmaları üçün ağırdır. Ümumilikdə isə bu cür yanaşmada tövsiyyə edirəm ki, hər birimiz ehtiyyatlı olaq. Sözügedən məsələnin bu formada tənqid olunmasına ehtiyac yoxdur. Çünki bu da ailənin yanaşmasıdır. Mən də bu cür yanaşmanı doğru hesab etmirəm. Bunun səbəblərini açıqladım. Lakin belə məsələlərin aqressivliklə müzakirə edilməsinin tərəfdarı deyiləm. Onsuz da valideynləri ağır günlər yaşayır. Ola bilsin ki, bunu məlumatsızlıqdan ediblər. Biz yalnız fikir bildirə bilərik. Məncə, kəskin tənqid yolverilməzdir. Bizim o qədər müzakirə olunacaq mövzularımız var. Vətəndaşlarımız belə məsələlərdə diqqətli olsunlar".