Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 15:54:00
“Müəllimlər davranış qaydalarına əməl edəcəkləri ilə bağlı yazılı öhdəlik götürməlidirlər”-TƏKLİF

 

"Məktəblərdə peşə davranış qaydalarının düzgün yerinə yetirilməsini təmin edən məsul şəxs olmalıdır. Müəllimlər davranış qaydalarına əməl edəcəkləri ilə bağlı öhdəlik götürməlidirlər".

 

 

Bu sözləri təhsil eksperti, təlimçi Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib.

 

 

 

E.Qafarov müəllimlər və direktor arasında yaranan ziddiyyətlərin səbəblərinə aydınlıq gətirib:

 

 

"Müəllim və direktor əmək münasibətində olan şəxslərdir. Bəzi hallarda onlar öz əmək hüquqlarını, vəzifələrini bilmədikləri və əmək qanunvericiliyinə bələd olmadıqlarına görə münasibətləri qanunvericilik çərçivəsində deyil, şəxsi müstəvidə həll etməyə çalışırlar.

 

Bu da öz növbəsində müəyyən problemlərə yol açır. Məktəblərdə baş verən qalmaqallarda iştirak edən müəllim və direktorlar, ən azından, əmək qanunvericiliyinə, müəllimlərin etik davranış qaydalarına bələd olsalar bu kimi hallar meydana gəlməz. Bunlar intizamsızlıqdan, əmək funksiyasının yerinə yetirilməməsindən irəli gəlir. Yekun olaraq insan xətasıdır və “insan tənbehi”, hətta işdən azad olunma ilə nəticələnə bilər".

 

 

Ekspertin fikrincə, vaxtilə saxta profillər üzərindən təhsil məsələlərinin müzakirə olunması sonradan vəziyyətin daha acınacaqlı olmasına gətirib çıxardı:

 

 

“İndiki dövrdə heç kimə sosial şəbəkəni qadağan edə bilmərik. Lazım gələrsə, saxta profil açaraq öz işlərini görəcəklər. Vaxtilə saxta profillər üzərindən təhsil məsələlərinin müzakirə olunmasına məhz təhsil sektorunda çalışan işçilər başladılar. Bu, çox geniş yayılmış bir problemdir. Sosial şəbəkələr azad platformalardır. Bəzi məsələlər ümumiyyətlə qadağan oluna bilməz. Ancaq bu kimi məlumatları yayan şəxsin həmin məktəbin müəllimi olduğu aşkarlansa, məktəbin nüfuzuna xələl gətirdiyi üçün bununla bağlı məsuliyyət daşıyacaq.

 

 

 

Ekspertin fikrincə məktəblərdə peşə davranış qaydalarının düzgün yerinə yetirilməsini təmin edən məsul şəxs olmalıdır:

 

 

“Bu kimi halların sosial şəbəkələrdə qarşısının alınması mümkün olmayacaq.  Nazirlik bununla bağlı məktəb direktoru, direktor müavinləri, müəllimlər üçün onların hüquq və vəzifələr və əmək fəaliyyətində yolverilməz hallarla bağlı təlimlər təşkil edə bilər. Ancaq təlimlər onlayn qaydada həyata keçirilməsin. Platforma üzərindən keçirilən təlimlər zəif təsir bağışlayır.

 

 

Bundan başqa, Regional Təhsil İdarələri məktəb rəhbərliyindən peşə davranış kodeksi ilə bağlı məlumatlandırıcı işlərin aparılmasını tələb edə bilər. Məktəblərdə peşə davranış qaydalarının düzgün yerinə yetirilməsini təmin edən məsul şəxs olmalıdır. Müəllimlər davranış qaydalarına əməl edəcəkləri ilə bağlı yazılı öhdəlik götürməlidir. Bu kimi halların yaşanmaması üçün profilaktik tədbirlər həyata keçirilməlidir.

 

Aysun Əsgərova