Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 18:33:00
  “Hörümçək” sözünü “spayder”lə əvəzləyəndə niyə nəticə çıxarmadıq?- Qalmaqala sözardı

 

 

 

Təhsil mütəxəssisi Nadir İsrafilov “Facebook” sosial şəbəkəsindəki şəxsi profilində maraqlı olduğu qədər də düşündürücü bir xatirəsini paylaşıb.

Bir vaxtlar qoyunlar Avstraliyanı zəbt etdiyi kimi, son günlər dovşanlar da sosial şəbəkəni zəbt ediblər. Dovşan ətrafında gedən bu müzakirələr istər-istəməz gənclik illərimin bir xatirəsini gözümün önündə canlandırdı.

Zarafat bir yana, ancaq dovşan məsələsi nə bu günün, nə də dünənin söhbəti deyil. Hələ ötən əsrin 70-ci illərinin axırlarında mən aspiranturanı bitirib, o zamankı Azərbaycan SSR Marif Nazirliyinin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (ETPEİ) kiçik elmi işçi kimi təyinat alanda (indiki ARTİ) İnstitutun biologiya ixtisaslı Əli Hüseynov adlı bir əməkdaşının “Azərbaycan dilinin tədrisi metodikası” şöbəsinin müdiri, dilçi professor Əziz Əfəndizadə ilə qızğın mübahisəsinin dəfələrlə şahidi olmuşam.

Hər dəfə, nahar fasiləsi zamanı işçilər dəhlizə çıxarkən, Əli müəllim Əziz müəllimin qabağını kəsər və ətrafdakılara göz vuraraq deyərdi: “Ay, Əziz müəllim, yəni bu dövşan sözünə bir əncam çəkə bilmirsiz...? Bu nədir - “Dovşan, dovşan, a dovşan! Qaçma dayan, a dovşan!”- nə adamın dilinə yatır, nə dodağına yapışır… Olmazmı elə “Doşan, doşan, a doşan! Qaçma dayan, a doşan!” deyək, həm dilimizə yatsın, həm də dodadığımız rahatlasın.

 

Daha yaşlı və böyük təcrübəyə malik olan Əziz müəllim bir anlığa ayaq saxlayar, halını pozmadan:  “Bunlar orfoepiya və orfoqrafiyaya aid məsələlərdir. Burnun girməyən yerə başını soxma. Get, “fauna” və “flora”nla məşğul ol” deyərək, yoluna davam edərdi.

“Elə dovşan da faunaya və floraya aiddir”- deməklə Əli müəllim mübahisəni bir az da qızışdırardı...

Bəli, görünür, qarşıdan “Dovşan ili”nin gəlməsi ilə əlaqədar bu məsələ yenidən aktuallaşıb... Hər halda bizim bu sakit, mehriban, mülayim çanlını nə vaxtsa “dovşan”, “dofşan”, doyşan”, “doşan” adlandıracağımızdan asılı olmayaraq, astroloqlar 2023-cü ilin olduqca sakit və ahəngdar olacağını proqnozlaşdırır. Təki, ilimiz əminəmanlı, uğurlu olsun. Ancaq, bir məsələ də var ki, heç olmasa qarşıdan gələn ilimizin dovşanla bağlılığını nəzər alıb bəlkə hələ ki, onun xətrinə dəyməyək...?