Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 10:25:00
“İntihara cəhd edən bəzi şagirdlər bunu valideyn diqqətsizliyi səbəbilə etdiklərini deyirlər”-DEPUTAT

 

“Məktəblərdə baş verən xoşagəlməz hadisələr sosial şəbəkələrdə müzakirəyə çıxarılır, fikirlər tamam başqa istiqamətə yönəldilir. Mən bunun tərəfdarı deyiləm”.

 

BP şirkəti və AzEdu Təhsil Portalının birgə layihəsi əsasında dərc olunan "Məktəb psixoloqunun stolüstü kitabı"nın təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, mərasimdə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova məktəblərdə müşahidə olunan neqativ halların sosial şəbəkələrdə müzakirəsindən söz açıb:

 

“Sosial şəbəkələr və digər bir sıra kənar təsirlərin uşaqların formalaşmasında böyük rolu var. Bu çox narahatedici bir məsələdir. Mən illərdir ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul oluram, tələbələrin arasındayam. Biz universitetə yeni qəbul olan tələbələrdə qeyd etdiyim amilləri hiss edirik. Son zamanlar məktəblərdə baş verən xoşagəlməz hadisələr sosial şəbəkələrdə müzakirəyə çıxarılır, fikirlər tamam başqa istiqamətə yönəldilir. Mən bunun tərəfdarı deyiləm. Uşaqlarımızı kənar təsirlərdən qorumaq, onları maraqlandıran sualları cavablandırmaq üçün hər zaman yanlarında olmalıyıq. Psixoloqlarımız da buna mütləq diqqət etməlidirlər”.

 

Deputat intihara cəhd edən şagirdlərlə aparılan söhbət zamanı ortaya çıxan məqamlara diqqət çəkib:

 

“Biz məktəblərdə baş verən neqativ halları araşdırırıq. İntihara cəhd edən uşaqlarla söhbət apararkən səbəbini soruşduqda, özlərinə diqqət cəlb etmək üçün bu addımı atdıqları cavabını alırıq. Şagirdlər evdən onlara diqqət edilmədiyini, valideynlərin onların problemlərilə maraqlanmadıqlarını, başa düşmədiklərini, onu maraqlandıran suallara cavab tapa bilmədiyini, düzgün istiqamətləndirilmədiklərini söyləyirlər. Bu kimi boşluqların yaranmaması üçün psixoloqlarımızın fəaliyyəti olduqca zəruridir”.

 

O, Vətən müharibəsində gənclərin qəhrəmanlığından danışarkən, məktəbin və müəllimlərin bu qələbədəki rolunu vurğulayıb:

 

“Bu günün məktəbliləri sabahın ölkə gəncliyidir. Azərbaycan gəncliyi isə artıq öz sözünü deyir, qalib gənclikdir. Biz 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazandıq. Şəhidlərimizin,veteranlarımızın əksəriyyəti gənclər idi. Yəni bizim gəncliyimiz qalib gəlib. Biz sağlam, vətənpərvər gəncliyi qorumalıyıq ki, sonrakı nəsil də o şəkildə yetişsin. Etiraf edək ki, bizim gənclərimizin vətənpərvər ruhda yetişməsini, qələbəsini çox qüvvələr istəmir. Müəyyən ölkələr qələbəmizi sıxışdırmağa çalışırlar. Bütün dünya təəccüblənir ki, Qarabağı görməyən gənclik o torpaqları azad etdi. Xatırlayaq, Tovuz döyüşlərindən sonra yüzlərlə gənc meydanlara axışıb, döyüşmək üçün silah istəyirdi. Dedikləri kimi cəsarətlə döyüşdülər və qalib gəldilər. Bu gəncliyi bizim məktəblərimiz, müəllimlərimiz formalaşdırıb. Zəfərimizdə müəllimlərimizin rolu danılmazdır. Bu münasibətlə müəllimlərimizi təbrik edirəm, onların yetişdirdiyi gənclik qalib gəlib”.