Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 09:48:00
Universitetlərin elmi jurnallarını necə inkişaf etdirməli?- ARAŞDIRMA

 

 

Dünyanın ayrı-ayrı universitetlərini tədqiq edərkən qarşıma çıxan mühüm məqamlardan biri də təhsil müəssisələrinin elmi nəşrləri olur. Bu nəşlər müasir dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməklə, dünyanın nüfuzlu elmmetrik bazalarında yer alır, dünyada elmi tədqiqatların ən son nəticələri ilə oxucuların görüşünə gəlməklə, elmin inkişafına öz töhfəsini verir. Elmi nəşrlər universitetdə elmi tədqiqat mühitinin inkişafına, tələbələrin elmə marağının təmin olunmasına, onların elmi mühitə adaptasiyasına, müəllimlərin elmi-tədqiqat işlərinin stimullaşdırılmasına da istiqamət verir. Ona görə də, universitet rəhbərliyi elmi nəşrlərin inkişafına, birmənalı olaraq, maraq göstərməli, bunun üçün müvafiq tədbirlər görməlidirlər. Həm də bu maraq elmi nəşrlərin beynəlxalq standartlar səviyyəsində ərsəyə gəlməsinə yönəlməlidir. Bunun üçün universitetdə sistem yaradılmalı, jurnalların istiqamətləri müəyyənləşdirilməli, onların qarşısına qoyulan tapşırıqlar bəlli olmalıdır. Tələbələrin təhsil aldıqları ixtisaslar üzrə elmi yenilikləri öz universitetlərinin elmi nəşrlərindən öyrənmələri daha rahat və səmərəlidir. 

Elmi nəşrlər bütün universitetlər üçün vacibdir

Bunu birmənalı olaraq belə hesab etmək olar. Əgər universitetin konkret hədəfləri varsa və bu hədəflər beynəlxalq aləmdə brendin formalaşmasına, universitetin reytinq qazanmasına yönəlibsə, o zaman jurnallar bu sahədə universitetin ən yaxın tərəfdaşına, köməkçisinə çevrilə bilər. Universitetlərin elmi jurnalları onların beynəlxalq elmi müstəviyə çıxması üçün ən yaxşı vasitədir. Bu jurnalların nüfuzu yüksəldikcə, orada nəşr olunmaq, onun redaksiya heyətində təmsil olunmaq istəyən nüfuzlu alimlərin sayı durmadan artacaq. Şübhə yoxdur ki, bu da öz növbəsində universitetin imicinə müsbət təsir göstərəcək. Eyni zamanda tələbələrin elmi məqalə yazmaq bacarıqlarının hələ tələbə ikən formalaşmasına yol açacaq. Universitetlərin elmi jurnalları tələbələrin məqalələrini dərc etməklə, onlar arasında həvəsləndirmə mühiti də yarada bilər. Ən yaxşı elmi məqalə müəlliflərinin təqaüdləri artırıla, tələbə qrantları verilərkən üstünlük əldə edilə, eyni zamanda onların magistraturaya, doktoranturaya qəbulunda güzəştlər tətbiq oluna bilər. Elmi məqalələri dərc olunan tələbələr, şübhə yoxdur ki, elmi mühitin də diqqətini cəlb edəcək. Əlbəttə ki, dünyada çap olunun 1 milyon 350 mindən artıq elmi jurnalın arasında seçilmək heç də asan deyil. Bununla belə, cəhd etmək, hədəf müəyyənləşdirmək vacibdir.  

Universitetlər nədən başlamalıdırlar?

Hər bir universitet üçün oxunan, istinad olunan elmi jurnalın nəşri arzuolunandır. Ona görə də, hər bir universitet, ilk növbədə beynəlxalq standartlara cavab verən elmi nəşr çap etmək üzərində düşünməlidir. Elmin müasir inkişaf tendensiyası da bunu tələb edir. Bu istiqamətdə dünya təcrübəsini də öyrənmək, işin müsbət inkişafı baxımından önəmlidir. Dünya təcrübəsini tədqiq edərkən, universitetlərin elmi nəşrləri ilə bağlı kifayət qədər təcrübənin olduğunu görmək mümkündür. Universitetin elmi jurnalının nəşri üçün ilkin olaraq aşağıdakı addımlar atılmalıdır. Bir məqamı nəzərə almaq lazımdır ki, universitetlərin elmi nəşrlərinə verilən tələblərdə digər elmi jurnallara nəzərən heç də güzəşt nəzərdə tutulmur. Əgər universitetin elmi jurnalını dərc edirsinizsə, beynəlxalq elmmetrik bazaların ən ciddi tələbləri ilə qarşılaşacağınızı düşünməlisiniz.

  1. Jurnalın fəaliyyət planı hazırlanmalıdır;
  2. Jurnala ad seçərkən mütləq olaraq dünyanın elmi nəşrlərinin kataloquna nəzər yetirmək lazımdır. Digər nəşrlərin adlarının təkrarlanmasına yol vermək olmaz;
  3. Elmi nəşrin saytı yaradılmalıdır; Bu zaman nəşriyyat standartlarına uyğunluq, veb-saytın dizaynına qədər, bütün nüanslar nəzərə alınmalıdır.
  4. Saytda yeləşdirilən bütün məqalələrə tələbələrin əlçatanlığı təmin edilməlidir;
  5. Tələbələr elmi jurnalda məqalə dərc etdirməyə təşviq olunmalıdır. Bu, yalnız, universitetin son kursunda təhsil alanlara şamil edilməməlidir. Maraq doğuran, aktual mövzular üzərində işləmək üçün mütəmadi tapşırıqlar verilməli və onların nəticələri jurnalda yer almalıdır;
  6. Universitet jurnallarının inkişafını təmin etmək üçün onların qiymətləndirilməsi meyarları müəyyənləşdirilməlidir;
  7. Universitet jurnallarının dövrülüyü təmin edilməlidir. Bu, həm də tələbələrdə məsuliyyət hissinin yaranmasına yol açacaq;
  8. Jurnalı aktiv şəkildə indeksləşdirin. İndekslərin sayı artıqca, jurnalın yayılma arealı da genişlənəcək;
  9. Ümumiyyətlə, universitet jurnalıdır, deyib keçməyin.
  10. Jurnala yaxşı dizayner dəvət edin;
  11. Universitet jurnallarında mütəmadi olaraq, tələbələr üçün elmi-tədqiqat işlərinin yazılması ilə bağlı təlimlərin keçirilməsi zəruridir;
  12. Universitet jurnallarında elmi-kütləvi məqalələrə də yer verilməlidir. Bu hal tələbələrin elmə maraq göstərməsinə yol açacaq.
  13. Əgər universitetdə elmi jurnallar dərc olunursa, onların sistemli olaraq ekspertizası aparılmalı və onların qiymətləndirilməsi meyarları hazırlanmalıdır;
  14. Bürokratik əngəllər birmənalı olaraq aradan qaldırılmalıdır. Müəlliflərə verilən cavab yubanmamalıdır;
  15. İldə 4 nömrənin nəşrinə nail olmaq lazımdır;
  16. Saytda “Müəlliflər üçün təlimatlar” bölməsi mütləq olaraq lazımdır. Bu, redaksiyaya ünvanlanacaq sualları minimuma endirəcək;
  17. Plagiatı mütləq olaraq yoxlayın;
  18. Jurnalda ingilisdilli məqalələri hər il 15-20 faiz artırmaq olar;
  19. Mütəmadi olaraq elmi jurnalların baş redaktorlarının görüşlərini təşkil edin, təcrübə mübadiləsi mühüm şərtdir.
  20. Xüsusən tədqiqatçılığa meylli olan tələbələri beynəlxalq standartlara uyğun elmi tədqiqatlar aparmağa həvəsləndirin, tez-tez onlarla görüşlər keçirin;

 

Universitet jurnalı peşəkarların fəaliyyəti nəticəsində böyük bir media mərkəzə, dünyanın aparıcı elmi nəşrinə çevrilə bilər.        

“Harvard Business Review” bunu necə bacarıb?

Bu elmi nəşrin nümunəsində beynəlxalq təcrübəyə nəzər yetirək. 1922-ci ildə Harvard Biznes məktəbində əsası qoyulan   “Harvard Business Review” jurnalının keçdiyi inkişaf yoluna baxmaq fikrimcə maraqlı olar. Naşir Uolles Don tədqiqatçı Arça Şounu jurnala baş redaktor təyin təyin edir. Fəliyyətinin ilk günlərindən başlayaraq jurnalda yalnız aktual problemlərdən bəhs edən məqalələr dərc edilməyə başlanır, nəzəri tədqiqatlara, təhlillərə xüsusi diqqət yetirilirdi. Jurnal hər zaman öz fəaliyyət istiqamətinə sadiq qalaraq, oxucuların yeni elmi biliklər əldə etməsinə yol açır. Elə bu səbəbdən də daim oxucuları tərəfindən sevilərək mütaliə edilir. Jurnal öncə tələbələr və sahibkarlar üçün nəzərdə tutulmuşdur. Baş redaktor mütəmadi olaraq jurnalın redaksiyasında mühazirələr təşkil edir və ölkənin görkəmli naşirlərini, alimlərini mühazirə oxumaq üçün redaksiyaya dəvət edirdi. Perspektivi yüksək qiymətləndirən rəhbərlik jurnalın illik abunəsini 5 dollar (indiki, təxminən 82 dolların dəyərində) müəyyənləşdirir. Onlar inanırdılar ki, məbləğ az olmasa da, jurnalın ətrafında geniş oxucu kütləsi formalaşacaq. Belə də olur. 1945-ci ilədək jurnalın 14 min abunəçisi yaranır. Bu rəqəm hər il 600 nəfər artır. Amerikada elm və sənayeninin inkişafı ilə paralel olaraq jurnala olan tələbat da artan xətlə inkişaf edir. 1965-ci ildə 83 min tirajla oxucuların görüşünə gələn jurnal, 1985-ci ildə abunəçi sayını 250 minə qaldırmağı bacarır. Zaman keçdikcə, jurnalın dizaynına da əlavə və dəyişiklilər edilməyə başlanır. Jurnal elmi məqalələrin nəşri ilə yanaşı, mühüm bir tədqiqat mərkəzinə çevrilməyi bacarır. “Harvard Business Review”-in redaksiyasında zamanın aktual elmi problemlərini əhatə edən elmi müzakirələr, seminarlar, diskussiyalar təşkil edilir, jurnal Amerikada və dünyada elmi tədqiqatlara ilham verən bir elmi müəssisə halına gəlir. Bu gün tədqiqatçılar hesab edirlər ki, “Harvard Business Review” The New York Times, The Economist kimi nəşrlərlə rəqabət aparır. 2021-ci ildə jurnalın fəaliyyət istiqamətini əsas etibarilə onlayn-kurslar, metodiki və elmi nəşrlərin dərc olunması təşkil edib. Jurnalın səhifələrində və onun saytında qısa qeydlərə, geniş analitik təhlillərə, videoxülasələrə, multimedia materiallarına, visual kitabxanaya, seminar materalallarına rast gəlmək mümkündür. Jurnalın illik abunəçilərinin sayı 350 minə yaxındır. Elmi nəşrin saytı isə daha populyardır. Onun aylıq oxucu sayı 10 milyona yaxınlaşır. Şübhəsiz ki, bu Harvard universitetinin mühüm naliyyətidir. Bütün bunlar deməyə əsas verir ki, universitet jurnalı peşəkarların fəaliyyəti nəticəsində böyük bir media mərkəzə, dünyanın aparıcı elmi nəşrinə çevrilə bilər.  

Maraqlı fakt kimi qeyd edim ki, 2020-ci ildə “Harvard Business Review”-in illik gəliri 262 milyon dollar təşkil edib. “The Generalist”in məlumatına görə, bir çox Kütləvi İnformasiya Vasitələri pandemiya səbəbindən qazanc əldə edə bilməsələr də, “Harvard Business Review”-in qazancı yüksələn xətlə inkişaf edib. (ARDI VAR)

 

Böyükağa MİKAYILLI,

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktor əvəzi.