Qabiliyyət imtahanında abituriyentin yerinə başqa şəxsin iştirak etmək cəhdinin qarşısı alınıb.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin xüsusi növ imtahanların təşkili və idarə edilməsi üzrə sektor müdiri Eltun Süleymanov media nümayəndələrinin suallarını cavablandırarkən məlumat verib.
Onun sözlərinə görə, imtahana giriş zamanı proqram təminatı vasitəsilə aparılan identifikasiya prosesi zamanı bir nəfərin digər abituriyentin yerinə imtahana daxil olmağa cəhd etdiyi aşkarlanıb və hadisənin qarşısı dərhal alınıb.
Eltun Süleymanov bildirib ki, mövcud qaydalara əsasən həmin abituriyentin 2026-cı il üzrə bütün imtahan nəticələri ləğv edilib. Bununla yanaşı, o, builki qəbul müsabiqəsində və ixtisas seçimində iştirak hüququndan məhrum olunub.
Sektor müdiri qeyd edib ki, başqasının yerinə imtahana girməyə cəhd edən şəxs barəsində müvafiq sənədlər hazırlanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub və hazırda fakt üzrə araşdırma aparılır.
DİM rəsmisinin sözlərinə görə, bu cür hallara qabiliyyət imtahanlarında çox nadir hallarda rast gəlinir. Girişdə tətbiq olunan identifikasiya sistemi sayəsində bu kimi pozuntu cəhdləri operativ şəkildə aşkar edilir.
Eltun Süleymanov onu da vurğulayıb ki, imtahana başqasının yerinə daxil olmağa cəhd edən şəxslər nə əkiz olublar, nə də aralarında hər hansı ailə bağlılığı mövcud olub.