Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 10:54:00
Universitetlərimiz xarici tələbələr üçün niyə maraqlı deyil?- Deputatdan SƏBƏBLƏR

 

 

“Azərbaycanın çox geniş potensialı var. Yəni biz qonşu republikalardan, Şərqi Avropadan, ərəb ölkələrindən daha çox tələbəni ölkəmizə cəlb edə bilərik”.  

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov AzEdu təhsil portalının təşkilatçılığı ilə keçirilən  “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

 

Deputat mövzu ilə bağlı əsas məsələlərdən birinin də təhsilin keyfiyyət səviyyəsi olduğunun nəzərə çatdırıb:

 

“Sovet zamanında ölkəmizdə təhsil alan çox sayda əcnəbi tələbə vardı. Bu gün ölkəmizdə təhsilə marağın o qədər də yüksək olmamasının bir sıra səbəbləri mövcuddur. Onlardan biri təhsilin keyfiyyətidir. Doğrudur, son illər bəzi universitetlərimizdə bu istiqamətdə müəyyən irəliləyişləri müşahidə edirik. Amma ölkəmizdə təhsilin keyfiyyətinin tam arzuolunan səviyyədə olduğunu rahatlıqla deyə bilmirik. Bu baxımdan məzmunun keyfiyyəti üzərində mütləq ciddi şəkildə işləməliyik. Azərbaycanda təhsil almaq istəyən əcnəbi təbii olaraq, universitetlərin reytinqinə nəzər salır. Adətən, bizim gənclər də daha keyfiyyətli təhsil almaq üçün əsasən, inkişaf etmiş ölkələrə, Amerikaya, Avropa ölkələrinə üz tuturlar. Müxtəlif reytinqlərdə bəzi universitetlərimiz 500-lük siyahıda yer alır. Amma bu kifayət deyil”.

 

O, əcnəbi tələbələrin yerli universitetlərə cəlb edilməsi zamanı sosial vəziyyətə də diqqət edilməli olduğunu vurğulayıb:

 

“Ən vacib məsələlərdən biri tələbələrin sosial vəziyyətidir. Bir xarici tələbə ölkəmizə təhsil almağa gəlirsə, sadəcə universitet təhsili ilə iş bitmir. Yataqxana olmalıdır, sosial şərait tələbənin rahatlığına imkan verməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, universitetlərimizin yataqxana məsələsi də həll olunmalıdır. Ölkəmizə təhsil almağa gələn tələbə bütün məsələlərin ümumilikdə həll edilməsini arzulayır. Təhsil aldığı universitetin yataqxanasında yerləşmək, yemək xərcləri, bir sıra hallarda kirayə ev tutmaq və digər məsələlər bu istiqamətdə vacib rol oynayır”.

 

Deputat tədris dili və proqramları ilə bağlı problemlərə də toxunub:

 

“Daha bir amil isə tədris dili və proqramları ilə bağlıdır. Xarici tələbə ölkəmizə gələrkən ingilis dilində təhsil almağa üstünlük verəcək. Bu səbəblə ingilis dilində proqramların, dərs vəsaitinin olması çox vacib məsələdir. Bəzi universitetlərdə bu vəsait və proqramlar mövcuddur, amma biz bu istiqamətdə daha çox işləməliyik”.